28 may - 108 illik dövlətçilik ənənələrinin istiqlal salnaməsi

28 may - 108 illik dövlətçilik ənənələrinin istiqlal salnaməsi

28 May 2026

Tarix bəzən elə anlar yaradır ki, o anlar yalnız bir xalqın deyil, bütün bir sivilizasiyanın taleyini müəyyən edir. 1918-ci il mayın 28-i də məhz belə bir andır. Həmin gün Tiflisdə — Qafqaz canişininin sabiq iqamətgahında Azərbaycan Milli Şurasının üzvləri tarixi İstiqlal Bəyannaməsini imzaladılar və bununla da yalnız bir dövlət deyil, bütün müsəlman Şərqinin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası dünyaya elan olundu. O gün Avropanın bir sıra ölkələrinin hələ qadınlara seçki hüququ tanımadığı bir dövrdə, imperiyaların çöküb yeni dünya nizamının formalaşdığı bir məqamda, Azərbaycan xalqı bütün vətəndaşlarına, irqindən, dinindən, cinsindən asılı olmayaraq bərabər hüquqlar verən bir dövlət qurdu. Bu, öz dövrünün tələblərinə görə atılan ən böyük addımlardan biri idi.

Birinci Dünya müharibəsinin son illərini yaşayan dünya dərin bir siyasi çaxnaşma içindəydi. Çar Rusiyası 1917-ci ilin fevral inqilabı ilə monarxiya rejimini itirir, oktyabr çevrilişi isə bolşevik hakimiyyətini gətirib çıxarırdı. Zaqafqaziya Demokratik Federativ Respublikası bu burulğan içində yaranmış, lakin çox keçmədən dağılmışdı. Məhz bu parçalanma fonunda Azərbaycan Milli Şurası 1918-ci il mayın 27-də özünü müstəqil qanunverici orqan elan etdi və ertəsi gün, mayın 28-də İstiqlal Bəyannaməsini dünyaya car çəkdi. Bəyannamə yalnız siyasi bir sənəd deyildi. O, xalqın çoxəsrlik yaddaşının, milli özünüdərkin və azadlıq əzminin qələmə alınmış ifadəsi idi. Sənəddə Azərbaycanın tam hüquqlu müstəqil dövlət olduğu, ali hakimiyyətin xalqa məxsus olduğu, bütün vətəndaşlara irqi, milli, dini və sinfi ayrı-seçkilik olmadan bərabər hüquqlar verildiy, həmsərhəd dövlətlər və beynəlxalq birliyin bütün üzvləri ilə dostluq əlaqəsinin qurulacağı açıq şəkildə bəyan olundu. Bu, XVIII–XIX əsrlərdə formalaşmış Avropa liberal demokratiyasının Şərqdəki ilk siyasi təcəssümü idi.

Azərbaycan Xalq Cümhuriyyətinin "ilk" olması sadəcə bir tarix fəxri deyil — bu, ciddi tarixi bir həqiqətdir. 1918-ci ildə müsəlman dünyasında mövcud olan dövlətlərə nəzər salsaq, heç birinin demokratik parlament sisteminə əsaslanmadığını görərik. Osmanlı imperiyası ənənəvi monarxiya quruluşunu qoruyurdu, İran isə konstitusiyalı monarxiya sınaqları keçirirdi. Azərbaycan isə hakimiyyətin üç müstəqil qola — qanunverici, icraedici və məhkəmə hakimiyyətinə — bölündüyü tam demokratik respublika qurdu.

Parlamentin tərkibi bu demokratizmin ən parlaq sübutudur. 1918-ci ilin mart soyqırımından cəmi yarım il keçmiş, yəni ermənilər Azərbaycan torpaqlarında dəhşətli cinayətlər törətdikdən sonra belə, Azərbaycan parlamenti öz sıralarında 21 nəfər erməni nümayəndəsinə yer ayırdı. Habelə gürcü, rus, yəhudi və digər azlıqların nümayəndələri parlamentdə öz xalqlarının maraqlarını müdafiə etdilər. Bu, o dövr üçün olduqca nadir bir siyasi mədəniyyət nümunəsi idi.

Lakin bəlkə ən müstəsna fakt budur: Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçmək və seçilmək hüququ verən ilk müsəlman dövləti, üstəlik, bu hüququ bir sıra Avropa dövlətlərindən də öncə tanıyan ölkə oldu. Müqayisə üçün: Fransa qadınlara seçki hüququnu 1944-cü ildə, İsveçrə isə 1971-ci ildə verdi. Azərbaycan bunu 1918-ci ildə etdi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, yəni 1918-ci il mayın 28-dən 1920-ci il aprel işğalına qədər. Bu qısa müddət içində görülən işlər isə neçə onilliklik dövlətçilik fəaliyyətinin məhsulu sayıla bilər.

Dövlətçilik quruculuğu baxımından ilk addım Azərbaycan dilinin rəsmi dövlət dili elan olunması oldu. Bu, uzun illər Rusiya imperiyasının siyasəti ilə sıxışdırılmış bir xalq üçün milli oyanışın simvolu idi. Dövlət bayrağı təsis olundu. Üç rəngi özündə birləşdirən mavi, qırmızı, yaşıl bayraq. Bu bayraq türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi. 1918-ci il iyunun 26-da milli ordunun əlahiddə diviziyası yaradıldı; Qafqaz İslam Ordusu ilə birgə sentyabrın 15-də Bakı işğalçılardan azad edildi. Hüquqi quruculuq sahəsində isə Cümhuriyyətin elan olunduğu gün, mayın 28-də Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabrında Azərbaycan Məhkəmə Palatasının və Ədliyyə Nazirliyinin Əsasnamələri təsdiq olundu. Avqustda isə "Xalq maarifinin milliləşdirilməsi haqqında" qərar qəbul edilərək tədris müəssisələrində ana dilində təhsilə başlanıldı. Cümhuriyyətin tacı hesab edilən qərar 1919-cu ilin sentyabrında qəbul olundu: Bakı Dövlət Universiteti açıldı. Bu, Müsəlman Şərqinin ilk müasir universiteti idi. Sonralar sovet imperiyası Cümhuriyyəti məhv etsə də, BDU-nu bağlaya bilmədi. Bu universitet onun ideyalarının yaşaması və xalqın müstəqilliyə yenidən qovuşmasında misilsiz rol oynadı.

Hər yeni dövlət üçün ən vacib sınaqlardan biri beynəlxalq tanınmadır. Azərbaycan Xalq Cümhuriyyəti bu cəbhədə də ciddi addımlar atdı. 1918-ci ilin dekabrında Parlament sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi qərara alındı. 1919-cu il mayın 28-də, İstiqlal Bəyannaməsinin birinci ildönümündə ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Diplomatik mübarizənin nəticəsində 1920-ci ilin yanvarın 11-də Paris Sülh Konfransı Azərbaycanı müstəqil dövlət kimi de-fakto tanıdı. Bu tanınmanın strateji əhəmiyyəti sonrakı illərdə daha aydın ortaya çıxdı. 1920-ci ilin aprelindəki bolşevik işğalından sonra Azərbaycan siyasi xəritədən silinmiş kimi görünsə də, beynəlxalq hüququn subyekti olaraq qalması onu tarixi yaddaşdan silməyə imkan vermədi. Bu diplomatik miras onilliklər boyu xalqın müstəqillik arzusunu diri saxladı.

1920-ci ilin aprelinin 27-də XI Qızıl Ordunun hissələri Azərbaycanın sərhədlərini keçdi, 28-də Bakıya daxil oldu. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Parlamentdə 1918-ci ilin dekabrında qaldırılmış üçrəngli bayraq 1920-ci ilin aprelinin 27-də endiriidi. Ondan sonra onilliklər boyunca o bayraq sovet rejiminin yasağı altında qaldı. Lakin xalqın yaddaşında o bayraq heç vaxt enməmişdi. 1990-cı ilin noyabrın 17-də, Sovet İttifaqının hələ mövcud olduğu bir vaxtda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ümummilli Lider Heydər Əliyev müstəsna cəsarət nümayiş etdirərək üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi sessiyada qaldırdı. Bu addım yalnız simvolik deyil, bu, müstəqilliyə gedən yolun ilk rəsmi işarəsi idi.

1991-ci ilin oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Sənəddə açıq şəkildə 1918-ci il 28 may İstiqlal Bəyannaməsinə istinad edildi və müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu təsbit edildi. Dövlətçiliyin varisliyini bu qədər açıq ifadə edən hüquqi sənəd dünya tarixində az tapılar.

XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş Azərbaycanın qarşısında dağ kimi çətinliklər dayanırdı. Bir tərəfdən Ermənistanın torpaq işğalı, digər tərəfdən daxili çaxnaşma, iqtisadi tənəzzül, siyasi qeyri-sabitlik. Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı bu böhranlı tarixi məqamda baş verdi. Dahi Liderin dövlətçilik fəlsəfəsi dərin tarixi kök üzərində qurulmuşdu. O, Azərbaycan Xalq Cümhuriyyəti irsini yalnız keçmişin abidəsi kimi deyil, müasir dövlət quruculuğunun rəhbər prinsipi kimi qəbul edirdi. 1998-ci ildə Cümhuriyyətin 80 illiyinin keçirilməsi haqqında sərəncam imzalandı, Dövlət Komissiyası yaradıldı, geniş tədbirlər planı təsdiq edildi. Ulu Öndər bu münasibətlə dedi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır."

"Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi" — bu sözlər Ulu Öndərin həyat missiyasının qısa ifadəsidir. Həmin missiya yerinə yetirildi: Azərbaycan öz suverenliyini qoruyub saxladı, beynəlxalq arenada nüfuzlu bir dövlətə çevrildi.

Müasir Azərbaycan bu tarixi irs üzərində inamla irəliləyir. Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətçilik ənənələrinin qorunması həm simvolik, həm də əməli müstəvidə davamlı olaraq həyata keçirilir. 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin rəsmi açılışında Prezident İlham Əliyev iştirak etdi. 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi yalnız yubiley tədbirindən ibarət deyildi, bu, cəmiyyətin tarixi yaddaşının dərinləşdirilməsi, gənc nəslin dövlətçilik ruhunun möhkəmləndirilməsi üçün dövlət iradəsinin ifadəsi idi. 2018-ci il mayın 24-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin zalında 1918-ci ilin dekabrından 1920-ci ilin aprelinə qədər dalğalanmış tarixi üçrəngli bayraq Vətəninə qaytarıldı. Həmin bayraq bu gün Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından biri olaraq milli yaddaşın canlı şahidinə çevrilib. 2021-ci il oktyabrın 15-də "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Qanunla 28 may Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu hüquqi düzəliş dərin məna daşıyır: Azərbaycanın dövlət suverenliyinin 1918-ci ildə bərqərar olduğunu, müasir respublikanın isə o dövlətçilik ənənəsinin etibarlı varisi olduğunu rəsmi olaraq təsbit edir.

Bu varisliyin ən parlaq sübut isə 44 günlük Vətən Müharibəsinin qələbəsi oldu. 2020-ci ilin noyabrında Azərbaycan bayrağı on illər boyu işğal altında saxlanılmış torpaqlarımızda dalğalandı. Prezident İlham Əliyev 28 may 2023-cü ildə Laçın şəhərindəki görüşdə dedi: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir."

28 May bu gün yalnız bir bayram tarixi deyil. Bu, xalqın öz taleyini özü müəyyən etmə qabiliyyətinin sübutudur. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı, lakin o 23 ayda qoyulan bünövrə üzərindəki bina bu gün hündürdən hündürə ucalır. Demokratiya, hüquq dövləti, dünyəvi idarəçilik, qadın hüquqları, çoxmillətli bərabərlik, bunlar 1918-ci ildə kağıza yazılmış ideallar deyildi, yaşanmış gerçəkliklər idi. Bolşevik işğalı o gerçəkliyi 70 illik bir fasilə ilə kəsdi. Lakin xalqın yaddaşı, onun milli mənlik şüuru, Ulu Öndər Heydər Əliyev kimi dahi dövlət xadimlərinin fədakarlığı həmin fasiləni tarixi baxımdan anlamsız etdi. Müstəqil Azərbaycan Respublikası 1991-ci ildə qurulmadı, o, yenidən dirildi. Çünki o dövlət 1918-ci ildə artıq qurulmuşdu, ruhunda, yaddaşında, xalqının iradəsində. Prezident İlham Əliyevin sözləri bu həqiqəti ən yığcam şəkildə ifadə edir: "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!" Bu sözlər ritorika deyil, bu sözlər 107 illik dövlətçilik tarixinin əsas qənaətidir.

Canməmməd CANMƏMMƏDOV

Naxçıvan Muxtar Respublilası Ali Məclisinin deputatı