Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil məsələləri
1918-ci il may ayının 28-də Azərbaycan öz müstəqilliyini elan edir. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik parlamentli respublika olmaqla yanaşı, xalqımızın tarixində böyük, həm də mühüm bir hadisə idi. Bu, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımızın XX əsrdə öz müstəqillik arzusuna qovuşması idi.
Əlbəttə, müstəqilliyə gedən yol heç də asan olmadı. Tarixdən məlumdur ki, 1917-ci ilin fevral ayında Rusiyada monarxiya rejimi devrilir. Həmin dövrdə hakimiyyətə gələn Müvəqqəti hökümət Müəssislər Məclisinə seçkilər keçirir. Lakin Müvəqqəti hökumət heç də uzun müddət hakimiyyətdə qala bilmir. Bu səbəbdəndir ki, 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verir. Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmir və 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratmış olurlar.
Seymdə Müsəlman Fraksiyasını Azərbaycanı 44 deputat təmsil edirdi. Azərbaycan nümayəndələrinin tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan edir və beləliklə, Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradılır. 1918-ci il mayın 25-də gürcü nümayəndələri Seymdən çıxır və Gürcüstanın müstəqilliyini elan edirlər.
Təbii ki, Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının üzvləri də öz fəallıqları ilə seçilir, iclas keçirdərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlirlər. Belə ki, Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, yəni Azərbaycan parlamenti elan edir. Bununla da, Azərbaycan tarixində ilk parlament yaranır. Azərbaycan ilk parlamentli respublika kimi tarixə düşür. M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədrliyi ilə 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyəti haqqında Bəyannamə qəbul edir.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Qısa zaman kəsiyində həyata keçirilən tədbirlər xalqımızın tarixində böyük və əhəmiyyətli izlər buraxdı. Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilimizin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəminin formalaşmasına şərait yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin diqqət mərkəzində olan məsələlərindən biri də dil məsələsi idi. Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi Azərbaycan dilinin inkişafında yeni bir mərhələnin başlanğıcı hesab edilir. Dilimizlə bağlı tədbirlərin həyata keçirilməsi hökümətin fəaliyyətinin prioritet istiqamətlərindən biri idi. Dil sahəsində milliləşdirmənin həyata keçirilməsi prtosesi baş verdi ki, bu da Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpası demək idi.
1918-ci il iyun ayının 27-də milli hökümət qərar qəbul edir. Həmin qərara əsasən, Azərbaycan dilinə dövlət dili statusu verilir və dövlət orqanlarında kargüzarlığın bu dildə aparılmasının əsası qoyulur.
Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklarativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı parlamentin iclasında müzakirə olunur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edirdi. Bundan başqa, AXC hökuməti həmin məqsədlə dövlət büdcəsindən 351 min manat vəsait də ayırmışdı.
Azərbaycan dili dövlət dili elan edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Behbud xan Cavanşir “Azərbaycan” qəzetinə müsahibə verir. Nazir müsahibəsində dövlətin dil siyasətinin əsaslarını bu cür şərh edirdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə, bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.
Dil siyasəti dövlətin əsas məsələsi kimi gündəmdə idi və yeni qərarlar qəbul edilirdi. Çox keçmədən, hökumət 1918-ci il avqust ayının 28-də Azərbaycan dilində savadlı kadrların hazırlanması haqqında qərar qəbul edir. Həmin qərara əsasən ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması qərara alınır. Qərarda göstərilirdi:
Bütün ibtidai təhsil müəssisələrində tədris ana dilində aparılır.
Dövlət dili icbari qaydada tədris olunur.
Cümhuriyyətin dil siyasəti davam edir, yeni qərarlar qəbul edilirdi. Belə ki, aparılan islahatların məntiqi davamı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov 1919-cu il fevralın 11-də yeni bir əmr imzalayır. Həmin əmrdə ordu dilinin Azərbaycan-türk dili olduğu qeyd edilirdi. Hətta nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə dili öyrənmək üçün bir ay vaxt da müəyyən edir. Eyni zamanda, qərara alınır ki, həmin müddət ərzində heç olmasa hərbi əmrləri azərbaycanca verə bilməyən hərbi qulluqçular ordu sıralarından xaric ediləcəklər.
Bu dövrdə Azərbaycan dilində fəaliyyət göstərən ali təhsil müəssisələrinin yaradılması da mühüm bir hadisə kimi yadda qalan oldu.
Ümumiyyətlə, 1918-1920-ci illər Azərbaycan dilinin inkişafında bir dönüş nöqtəsi hesab edilir. Belə ki, bütün türk dünyasında başlanan milli ədəbi dil, əlifba kimi məsələlərin əsası məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulur. Onu da qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin dillə bağlı ilk qərarı 21 iyun 1918-ci ildə “Azərbaycan Respublikası Nazirlər Şurasının bəyannaməsinin dərc olunması haqqında” qəbul etdiyi qərardır.
Göründüyü kimi, hökumət dil, təhsil və tədris məsələlərinə ciddi yanaşır, bu sahədə baş verən çatışmazlıqları aradan qaldırmağa çalışırdı. Bu məsələlərdən biri də 28 avqust 1918-ci ildə qəbul edilmiş “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi” ilə bağlı mübahisəli məsələlərin həll edilməsi idi. Bu kimi problemləri aradan qaldırmaq üçün hökumət 13 noyabr 1918-ci ildə “Məktəblərin milliləşdirilməsi haqqında Azərbaqycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarının dəyişdirilməsi” haqqında qərar qəbul edir. Bu qərara əsasən, eynitipli məktəb olan yerlərdə bir qismin milliləşdirilməsi, qalan qismində isə türk dilinin mütləq tədrisi şərti ilə bütün siniflərdə tədrisin rus dilində aparılması qeyd edilirdi.
Bir sözlə, 1918-ci il iyun ayının 27-də milli hökümətin dilimiz haqqında qəbul etdiyi qərar dilimizin dövlət kimi işlədilməsinə aid ilk sənəddir.
Amma onu da qeyd etmək lazımdır ki, hələ XVI əsrdə Azərbaycan dili dövlət dili kimi işlənmiş, bu dildə gözəl sənət əsərləri yaradılmışdır. Bu məsələdən bəhs edən dilçi alimimiz Ə.Dəmirçizadə fikrini belə izah edirdi: “XVI əsrdə Şah İsmayıl Xətainin başçılıq etdiyi Səfəvilər dövləti zamanından başlayaraq Azərbaycan dilinin mövqeyi, nüfuz dairəsi daha da genişlənməyə başladı və Azərbaycan ədəbi dili dövlət idarələrində, sarayda, hərbi hissələrdə işlənilən rəsmi dillər sırasında yer tutdu, o zaman islamiyyətin dini dili sayılan ərəb dili və bədii ifadə vasitəsi kimi modalaşmış fars dili ilə yanaşı işlənən bir dil hüququ qazanmış oldu ”.
Dəmirçizadənin bu fikri onu deməyə əsas verir ki, XVI əsrdə Azərbaycan dilinin rəsmi dövlət dili hüququ tam olmamışdır.
XIX əsrdə dilimiz inkişaf edərək dövlət dili statuslu bir dilə yüksəlir. Amma dilimiz inkişaf edib yüksəlsə də, Azərbaycan dili bu dövrdə rəsmi dövlət dili kimi mövcud deyildi. Dilimiz ilk dəfə bu statusa məhz 1918-ci il iyun ayının 27-də nail ola bilir.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dilinin tətbiqi, təkmilləşdirilməsi və inkişafı ilə bağlı atdığı addımlar daha da inkişaf etmiş, nəticədə dilimiz dövlət dili səviyyəsinə yüksələ bilmişdir. Bu, tarixi bir qələbəmiz idi. Dilimizə olan qayğı, diqqət dilimizin bu mərtəbəyə yüksəlməsində mühüm rol oynadı.
Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli dövlət dil siyasətini belə müəyyənləşdirmək olar:
1. Dövlət dilinin türk (Azərbaycan) dili elan edilməsi;
2. Ölkə ərazisində işlənən digər dillərə sərbəst işlənmə hüququnun tanınması;
3. Dövlət idarələrində dövlət dilinin işlənməsi üçün şərait yaradılması.
Bu dövrdə həyata keçirilən tədbirlər sırasında M.F.Axundov tərəfindən başlayan əlifba islahatlarının uğurla davam etdirilməsi məsələsi də var idi. M.F.Axundovdan sonra əlifba islahatı ilə bağlı praktiki addımlar 1918-ci ilin mayında Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra atılmışdır.
Ərəb əlifbasının islah edilməsi və latın əlifbasına keçid məsələləri cümhuriyyət dövründə də çox qızğın şəkildə müzakirə olunurdu. Bu dövrdə Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçilməsi prosesi çox geniş vüsət almaqda idi və bu məsələdə ən fəal Fərhad Ağazadə olmuşdur.
Əlbəttə, əlifba məsləsinin gündəmə gəlməsi məsələsi vacib məslələr sırasında dayanırdı. Belə ki, AXC-nin dövlət xadimləri də başa düşürdülər ki, xalqın maariflənməsi, mədəni yüksəlişi üçün yeni əlifbaya keçid təmin edilməlidir. Ərəb əlifbası çətin öyrənilən əlifba olduğu üçün bu əlifba ilə irəli getmək mümkün deyildir.
Bu məsələ üzrə araşdırma aparan N. İsayev öz tədqiqatlarında belə yazır: “Belə ki, AXC-nin yüksək intellektual səviyyəsi ilə seçilən və reallıqla hesablaşmağı bacaran dövlət xadimləri, maarif və mədəniyyət işçiləri başa düşürdülər ki, çətin öyrənilən, dövlət idarələrində geniş işlədilməsi mümkün olmayan ərəb qrafikası ilə xalqın tez bir zamanda maariflənməsi işini həyata keçirmək, ümumi mədəni yüksəlişə nail olmaq mümkün deyildir. Latın qrafikalı yeni Azərbaycan əlifbasının tərəfdarları ilə onun əleyhdarları- əski əlifbanın müdafiəçiləri arasında gərgin mübarizə gedirdi”.
Yeni əlifba layihələri ilə gündəmə gələn Fərhad Ağazadə mətbuat səhifələrində əlifba ilə bağlı məqalələri ilə çıxış edir. Müəllif bu məqalələrdə təklif olunan əlifba layihələri haqqında məlumat verir, bütün diqqəti bu məsələyə yönləndirirdi. Bu səbəbdəndir ki, hökumət tez bir zamanda məsələyə müdaxilə edir, 21 mart 1919-cu ildə Xudadat bəy Məlikaslanovun mövzu ilə bağlı məruzəsi dinlənilir. Görülən işlər nəticəsiz qalmır. “Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması haqqında” Azərbaycan Xalq cümhuriyyəti Nazirlər Şurasının 427 saylı qərarı qəbul edilir. Qərara əsasən Xudadat bəy Məlikaslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması Xalq Maarif nazirinə tapşırılır. Qərara uyğun olaraq Xalq Maarifi naziri yanında xüsusi komissiya yaradılır. Hətta Fərhad Ağazadə bu komissiyanın üzvü olur. Lakin müəyyən səbəblərdən komissiyanın iclaslarında iştirak edə bilmir. Fərhad Ağazadə dayanmadam “Azərbaycan” qəzetində öz məqalələri ilə çıxış edir. “Əlifba tarixində türklərin vəziyyəti”, “Dilimizin türkləşməyinə çarələr” adlı məqalələri ilə öz fikirlərini deməkdən çəkinmir.
Bütün bunlar ərəb əlifbasının artıq faydasız bir əlifba olduğunu göstərirdi. Yeganə düzgün yolun isə Latın əlifbasına keçirilməsində görürdülər. Bu məqsədlə hökumət tərəfindən yaradılan komissiyaya 3 layihə təqdim edilir. Bu layihələr Abdulla bəy Əfəndizadə, Məhəmməd ağa Şahtaxtılı, Abdulla Tağızadə və Mir Əbdüləziz Seyidova məxsus idi. Layihələrlə bağlı müzakirələr gedir və nəticədə Abdulla bəy Əfəndizadənin layihəsi qəbul edilir. Layihənin “Son türk əlifbası” adı altinda çapına icazə verilsə də, Azərbaycanda baş verən hakimiyyət çevrilişi əlifbanın tətbiqinə imkan vermir. Beləcə, Azərbaycanda baş verən hadisələr səbəbindən əlifba məsələsi həyata keçmir və uzun müddət unudulur.
Amma bütün bunlara baxmayaraq, bu illər ərzində dilimizin inkişafı istiqamətində böyük işlər görüldü. 1920-1930-cu illər bu baxımdan xüsusi aktuallıq kəsb edir. T.İ.Hacıyevin dili ilə desək, “ana dilinin dövlət dili kimi rəsmiləşdirilməsi, dövlət aparatına, idarə sisteminə daxil olması ilə Azərbaycan xalqı öz ədəbiyyatı və mənəviyyatı ilə yanaşamağa, öz ruhu ilə ruhlanmağa imkan tapdı”.
Bir sözlə, 1918-1920-ci illəri Azərbaycan dilinin inkişafında dönüş nöqtəsi hesab etmək olar. 1918-1920-ci illərdə əsası qoyulan tendensiyaların inkişafı sahəsində XX əsrin sonrakı onilliklərində də mühüm işlər görüldü. Dil məsələsi yenidən gündəmə gələrək bir çox ziyalılarımızı düşündürməyə başlayır. Çox keçmədən Nəriman Nərimanov və Dadaş Bünyadzadə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması barədə 1921-ci ildə dekret imzalayırlar. 1921-ci mayın 19-da Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur. Amma təəssüf hissi ilə qeyd etməliyik ki, bu Konstitusiyaya dövlət dili ilə bağlı maddə salınmır. Lakin 1924-cü ildə Mərkızi İcraiyyə Komitəsi Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı qərar qəbul edir.
1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanır və orada Azərbaycanın dövlət dili kimi türk dili öz əksini tapır. Azərbaycan SSR-in ikinci Konstitusiyası 1937-ci il martın 14-də 9-cu Fövqəladə Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilir. Qəbul edilmiş Konstitusiya 1936-cı il dekabrın 5-də qəbul edilmiş Konstitusiyaya əsaslanırdı. Lakin bu Konstitusiyada Azərbaycan dilinin hüquqi statusu barədə heç nə deyilmirdi. Bu dövrdə milli dillərə münasibət dəyişmiş, rus dili aparıcı dilə çevrilmişdi. Azərbaycanda yürüdülən dövlət dil siyasəti aşağıdakılara əsaslanırdı:
1. Rus dilinin dövlət idarələrində möhkəmləndirilməsinə;
2. Rus dilli yerli elitanın formalaşmasına;
3.Xalqın milli dilinin isə ikinci plana keşməsinə.
1950-ci illərin ortalarından başlayaraq milli dillərin inkişafına diqqət artırılır. 1956-cı il avqustun 21-də Azərbaycan SSR Ali Sovetinin 4-cü çağırış 3-cü sessiyasında Azərbaycan dili haqqında qərar qəbul edilir. Beləcə, 1937-ci il Konstitusiyasına 1956-cı ildə Azərbaycan Respublikası Ali Soveti Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması barədə əlavə edir.
Əlbəttə, bu dövr elə bir dövr idi ki, dərhal qərar vermək mümkün deyildi. Hətta ümummilli liderimiz Heydər Əliyev də həmin dövrdə qəbul edilən qərarlardan bəhs edərək qeyd edirdi ki, ən emosional məsələləri ağlın gücü ilə həll etmək lazım idi. Azərbaycan cəmiyyətinin o dövrdəki vəziyyəti elə idi ki, dərhal qərar verib bütünlüklə Azərbaycan dilinə keçmək çox risklı, mərkəzə meydan oxumaq idi. Azərbaycan dili dövlət-idarəçilik sisteminə tədricən daxil olmalı, milli məmurlar, dəftərxana işçiləri yetişməli idi.
Bəli, Azərbaycan xalqı buna nail ola bilir. Çətin bir dövrdə belə, dilimiz dövlət dili kimi təsbit edilir.
Bu qanunun əsasən dilimiz:
1.Yüzillər boyu işlənmiş adı(türk dili, yaxud Azərbaycan türkcəsi) dəyişdirildi, ona ölkənin, dövlətin adı(Azərbaycan dili) verildi.
2.Elitar mövqeyi məhdudlaşdırıldı, rus dili onsuz da İttifaqın mərkəzi orqanlarında get-gedə daha çox asılı vəziyyətə düşən respublika idarələrində geniş yayıldı.
3. Digər sovet türk respublikalarının dövlət dili bir-biri ilə təmasdan, qarşılıqlı əlaqələrdən məhrum edildi-rus dili nəinki qeyri-türk dili, hətta türkdilli xalqlarla ünsiyyətdə yeganə vasitəyə çevrildi.
Dilimizin türk dili adlandırılmasına münasibət bildirən Ulu öndər Heydər Əliyev də çox gözəl qeyd edirdi: “Gəlin türkdilli xalqlara baxaq. Bəli, biz türkdilli xalqlardan biriyik və türk mənşəli xalqıq. Kökümüz birdir. Özbək dili var, qazax dili var, qırğız dili var, tatar dili var, başqırd dili var, türkmən dili var, kumık dili var. Demək, bu türkdilli xalqların hər birinin dilinin öz adı var. Türkdilli xalqlarda tatar dili də var, o biri qrup dillər var, onların da hər biri bu qrupa daxildir, amma hər birinin öz adı var... Axı nə təhər Azərbaycan türkcəsi?” Millətimiz nədir? Azərbaycan türkü. Nə təhər bu millətin iki adı olsun? Bəs niyə özbək özünə demir ki, Özbəkistan türkü, tatar niyə demir ki, tatarıstan türküyəm...taleyimiz belə gətirib ki, məsələn bizə tatar deyiblər. Amma biz tatar deyilik axı. Neçə illər bizə tatar deyiblər. Elə Həsən bəy Zərdabi də özünə tatar deyibdir, o birisilər də özlərinə tatar deyiblər. Bu Bakıda, Azərbaycanda belə bir azərbaycanlı ziyalı olduğu halda məktəblər açılmışdı-“russko-tatarskaya şkola”...Mən bununla sadəcə demək istəyirəm ki, bizim taleyimiz belə olubdur. Rusiyada bizə tatar deyiblər. Rusiyanın burada qubernatorları bizə tatar deyiblər. Ondan sonra 1918-ci ildən 1936-cı ilə qədər türk deyilib. 60 ildir biz “Azərbaycan dili”, “azərbaycanlı” deyirik. İndi bəs nə edək?
Bunlara bir cavab olmalıdır ki, bir qərar qəbul edək.
Əlbəttə, dilimizin düzgün adlandırılması da ulu öndəri narahat etmiş, məsələyə diqqəti artırmışdır. Hər bir sahəyə diqqət göstərən ulu öndər bu sahəni də diqqətdən kənarda qoymamış, böyük nailiyyətlərə imza atmışdır.
1956-cı ildə Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması mühüm bir hadisə idi. Amma Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması heç də asanlıqla əldə edilmədi. Bu yolda qısqanc qüvvələrin müqaviməti də özünü göstərirdi. Bu məsələ hətta Moskva da da narazılıqla qarşılandı. Bütün bunlara baxmayaraq, biz cəsarətli bir addım atdıq. Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olmasına nail ola bildik.
Bu, bizim qələbəmiz idi. Çətin bir dönəmdə biz dilimizi dövlət dili kimi yüksəklərə qaldıra bildik.
Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dil məsələlərinə göstərilən diqqət və qayğı milli dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən biri hesab edilməlidir. Məhz həmin dövrdə əsası qoyulan dil siyasəti bu gün müstəqil Azərbaycanın dövlət dili siyasətinin formalaşmasında mühüm rol oynamış, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmlənməsinə zəmin yaratmışdır.
Fəxriyyə CƏFƏROVA








