Naxçıvanda dövlət qulluqçuları üçün etik idarəetmə və strateji liderlik təlimi keçirilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə mayın 26-da “Dövlət qulluqçularının peşə fəaliyyətinin əxlaqi əsasları” və “Dövlət qulluğunda strateji liderlik və komanda işi bacarıqları” mövzularında onlayn təlim keçirilib. Təlimdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının 60-a yaxın əməkdaşı iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin açılışında çıxış edən Dövlət İdarəçilik Akademiyasının 1-ci (tədris üzrə) prorektoru, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev dövlət qulluqçularının cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıdığını vurğulayıb. O bildirib ki, vətəndaşların dövlətə olan inamı birbaşa dövlət qulluqçusunun davranışında təcəssüm olunur və etik davranış prinsipləri yalnız hüquqi deyil, həm də mənəvi məsuliyyət çərçivəsində tənzimlənməlidir.
Təlim zamanı dövlət qulluğunda qeyri-etik davranış formaları, xüsusilə mobbinq, nepotizm və korrupsiya ilə bağlı geniş müzakirələr aparılıb. Bildirilib ki, mobbinq iş mühitində sistemli psixoloji təzyiq forması olmaqla yanaşı, həm şaquli, həm də üfüqi şəkildə özünü göstərə bilir. Kiber bullinqin də artıq müasir idarəetmə mühitində ciddi təhdidlərdən birinə çevrildiyi diqqətə çatdırılıb.
Çıxış zamanı nepotizmin tarixi köklərinə toxunulub, müasir dövlət idarəçiliyində qohumluq münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində mühüm hüquqi və institusional addımlar atılır, etik davranış normalarının tətbiqi isə dövlət idarəçiliyində şəffaflığın və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Təlimdə beynəlxalq təcrübəyə də yer verilib. Bildirilib ki, Sinqapur modeli strateji idarəetmə və korrupsiyaya qarşı effektiv mübarizə baxımından nümunə hesab olunur. Həmçinin ABŞ və Yaponiyanın etik tərbiyə və peşə davranışı sahəsindəki təcrübələrinin dövlət xidmətinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığı qeyd edilib.
Təlim çərçivəsində iştirakçılara dövlət qulluğu etikası, etik davranış prinsipləri, korrupsiyanın növləri və qarşısının alınması üsulları barədə nəzəri və praktik məlumatlar təqdim olunub. Vurğulanıb ki, dövlət qulluğunun əsas etik prinsipləri qanunun aliliyinə hörmət, qərəzsizlik, dürüstlük, hesabatlılıq və insan hüquqlarının qorunmasıdır.
Tədbirdə həmçinin Azərbaycan dövlətçilik ənənələri və dövlət qulluğu etikası ilə bağlı İlham Əliyev və Heydər Əliyevin dövlət idarəçiliyi ilə bağlı fikirlərinə də yer ayrılıb. Bildirilib ki, dövlət qulluqçusu hər zaman xalqın xidmətçisi olduğunu unutmamalı və vətəndaş yönümlü idarəetmə prinsiplərini fəaliyyətinin əsas istiqaməti kimi qəbul etməlidir.
Təlimin ikinci hissəsində Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elnur Əliyev strateji liderlik, komanda işi və transformativ idarəetmə modelləri barədə təqdimatla çıxış edib. O bildirib ki, müasir dövlət idarəçiliyində lider yalnız inzibatçı deyil, həm də insanları ortaq məqsəd ətrafında birləşdirən strateji düşüncə sahibidir.
Sonda iştirakçılarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və dövlət qulluğunda etik idarəetmə ilə strateji liderlik bacarıqlarının müasir dövlət idarəçiliyində mühüm rol oynadığı bir daha vurğulanıb.















