AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib
Sentyabrın 11-də AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik İsmayıl Hacıyev gündəlikdə duran elmi-təşkilati və kadr məsələləri barədə ətraflı məlumat verib.
Akademik Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı sərəncamları və səfəri haqqında geniş danışaraq bildirib ki, bu mühüm səfər muxtar respublikanın gələcək inkişafı və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm addımdır. Qeyd olunub ki, dövlət başçısının 12 avqust 2026-cı il tarixli müvafiq Sərəncamında məşğulluğun artırılması, nəqliyyat infrastrukturunun şaxələndirilməsi, bərpaolunan enerjidən istifadənin genişləndirilməsi, təhsil müəssisələrinin yenilənməsi kimi mühüm prioritetlər yer alıb. Ayrılan maliyyə vəsaiti isə Naxçıvanın infrastruktur bazasını möhkəmləndirməklə yanaşı, ölkənin ümumi inkişafına da böyük töhfə verəcək.
Akademik həmçinin bölmə əməkdaşlarının ali təhsil müəssisələrində yarımştat və saathesabı dərs aparmaları barədə danışıb.
AMEA Naxçıvan Bölməsi Təchizat və xidmət şöbəsinin müdiri İlham Cəfərov AMEA Naxçıvan Bölməsində 2025-2026-cı illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məruzə edərək, bölmənin və tabeli qurumların mövsümə tam hazır olduğunu diqqətə çatdırıb.
Bölmə sədri İsmayıl Hacıyev AMEA Naxçıvan Bölməsinin Maliyyə və mühasibat şöbəsinə müdir təyin edilməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi və Rəyasət Heyətinə elmi katibin təyin edilməsi haqqında məlumat verib. Rəyasət Heyətinin qərarı ilə AMEA Naxçıvan Bölməsinin Maliyyə və mühasibat şöbəsinin müdiri vəzifəsinə Sərdar Muradov, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin elmi katibi vəzifəsinə isə filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl təyin edilib.
Akademik İsmayıl Hacıyev onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl göstərilən yüksək etimada görə rəhbərliyə dərin minnətdarlığını bildirib.
Sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov AMEA Naxçıvan Bölməsinə 2026-cı il üçün doktoranturaya qəbulun yekunları barədə, Bölmənin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov isə cari məsələlər haqqında məlumat verib.
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.








