AMEA Naxçıvan Bölməsində iki yeni elmi nəşrin təqdimatı keçirilib -

AMEA Naxçıvan Bölməsində iki yeni elmi nəşrin təqdimatı keçirilib - FOTO

05 Sentyabr 2025

Sentyabr ayının 5-də AMEA Naxçıvan Bölməsində iki yeni elmi nəşrin- AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyevin “Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan şivələri”( II cilddə) adlı kitablarının təqdimatı keçirilib.  

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq, elmi fəaliyyətin, xüsusilə də dil və ədəbiyyat sahəsində aparılan tədqiqatların əhəmiyyətindən danışıb. Təqdim olunan nəşrlərin türkologiya və dialektologiya sahələrinə mühüm töhfə olduğunu vurğulayan, onları ümumi təhlil edən İsmayıl Hacıyev çıxışının sonunda müəllifləri ərsəyə gətirdikləri yeni kitablar münasibətilə təbrik edib.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva “ Türkologiya elminə yeni töhfə” mövzusunda məruzə edərək türk dünyasının vahid platformada birləşməsi, türkologiyanın yeni inkişaf mərhələsinə qədəm qoyması kimi məsələlərə toxunub və “Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat” kitabının uyğur türklərinin əlifbasının,  abidələrinin araşdırılmasındakı roluna diqqət çəkib.

 İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin əməkdaşı Ülviyyə Aslanova “Qədim uyğur türkləri: abidələr, dil, ədəbiyyat” adlı dərs vəsaiti barədə çıxış edərək kitabın uyğur türklərinin tarixi, dili, hüquq sisteminin öyrənilməsindəki əhəmiyyətini xüsusilə vurğulayıb və hər iki nəşrin elmi-nəzəri əhəmiyyətini qeyd edərək bu əsərlərin gələcək tədqiqatlara zəmin yaradacağını bildirib.

 İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev “Naxçıvan şivələrinin öyrənilməsində yeni səhifə” mövzusunda məruzə edib. O, bildirib ki, Nuray Əliyevanın “Naxçıvan şivələri”( II cilddə) adlı kitabı bölgənin yerli danışıq xüsusiyyətlərinin fonetik, leksik və qrammatik aspektlərini əhatə edir.

 İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov tədbirdə çıxış edərək, təqdim olunan əsərlərin yalnız dilçilik və ədəbiyyat deyil, eyni zamanda ümumtürk mədəniyyətinin öyrənilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonda müəlliflər- AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva kitablarının elmi əhəmiyyəti, ərsəyə gəlmə mərhələləri barədə danışıb, ürək sözlərini səsləndiriblər. Eyni zamanda tədbirin təşkilinə və yaradıcılıqlarına göstərilən diqqətə görə minnətdarlıq ediblər.