
Naxçıvan Dövlət Universitetində tarixi görüş: Prof. Dr. İlber Ortaylı!
Sentyabrın 22-də Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə tarixin, mədəniyyətin və elm dünyasının böyük simalarından biri – professor, tanınmış tarixçi və yazıçı İlber Ortaylı Naxçıvan Dövlət Universitetinə səfər edir. Ali təhsil ocağı üçün xüsusi simvolik məna daşıyan səfərin əsas məqsədi universitetin tələbə və müəllim heyəti ilə yanaşı, bütövlükdə Naxçıvan ictimaiyyəti ilə görüşmək, onların suallarına cavab vermək və ortaq düşüncə mühitini formalaşdırmaqdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, belə görüşlər universitetin beynəlxalq elmi-mədəni əlaqələrinin inkişafına xidmət etməklə yanaşı, tələbə və müəllimlərin intellektual dünyagörüşünü zənginləşdirir, gənclərin elmə, araşdırmaya və yaradıcı düşüncəyə marağını daha da artırır. Professor İlber Ortaylının Naxçıvana gəlişi təkcə universitet ailəsi üçün deyil, həm də bütövlükdə Naxçıvan ictimaiyyəti üçün yaddaqalan və unudulmaz bir hadisə olacaq. Səfər çərçivəsində türkiyəli alim Naxçıvan ictimaiyyəti ilə görüş keçirəcək.
Tədbirdə İlber Ortaylının müəllifi olduğu kitabların təqdimatı keçiriləcək. Müəllifin kitabları vasitəsilə tarixə, cəmiyyətə, mədəniyyətlərarası əlaqələrə və müasir dünyanın çağırışlarına dair dərin düşüncələrini tələbələr və ziyalılar birbaşa müəllifin özündən eşitmək imkanı qazanacaqlar.
Qeyd edək ki, Professor İlbər Ortaylı 1947-ci ildə Avstriyanın Bregenz şəhərində anadan olub. Ankara Universitetinin Dil, Tarix və Coğrafiya Fakültəsinn Tarix Bölməsini bitirib. Magistr təhsilini Çikaqo Universitetində alıb. 1974-cü ildə doktorluq dissertasiyasını müdafiə edib,
1979-cu ildə dosent, 1989-cu ildə isə professor olan dünyaca məşhur alim bir çox elmi məqalələrin və kitabların müəllifidir. Professor, zəngin elmi irsi, dünya tarixinin ən incə məqamlarına dair araşdırmaları, Osmanlı, Avropa və Şərq mədəniyyətinə dair dərin bilgiləri ilə tanınır. Onun yazdığı çoxsaylı əsərlər yalnız elmi dairələrdə deyil, geniş oxucu kütləsi arasında da böyük maraqla qarşılanır.