Qubada şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi başlayıb -

Qubada şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi başlayıb - FOTO

08 Sentyabr 2025

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Qubada "Konstitusiya və Suverenlik İli" çərçivəsində tarixi Zəfərimizin 5-ci ildönümünə həsr olunan “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinə start verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, düşərgənin ilk günündə iştirakçılar ümummilli lider Heydər Əliyevin Quba şəhərində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra Quba Olimpiya və İdman Kompleksində düşərgənin açılış tədbiri və təlimatlandırma görüşü keçirilib. Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Reyhan Ağayeva və Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin əməkdaşı Seyfur Hacımuradov iştirak ediblər. Natiqlər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi, rəşadətli Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərin bir parçası olan şəhid və qazi övladları ilə birlikdə olmağın qürurunu yaşadıqlarını, torpaqlarımızın azadlığı uğrunda canından keçən  qəhrəman Vətən övladlarının yadigarlarının hər birimiz üçün əmanət olduğunu diqqətə çatdırıblar. Şəhid ailələrinə, qazilərə və onların övladlarına dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyi, onların hərtərəfli inkişafı əsas məqsədlərdən biri olduğu vurğulanıb. Bildirilib ki, artıq dördüncü ildir ki, ənənəvi olaraq təşkil olunan düşərgənin keçirilməsində əsas məqsəd də şəhid və qazi övladlarının asudə vaxtlarını səmərəli təşkil etmək, onlarda özünə inam və həmrəylik hisslərini gücləndirmək, keçiriləcək müxtəlif təlim, seminar və görüşlər vasitəsilə şəxsi inkişaflarına dəstək olmaqdır.

Açılış tədbirindən sonra iştirkaçılara düşərgə proqramı haqqında ətraflı məlumat verilib, gənclər təlimatlandırılıb, həmçinin onlar üçün müxtəlif şəbəkələşmə və idman oyunları təşkil olunub.

Qeyd edək ki, 80 nəfər gəncin iştirakı ilə Qubada 5 gün davam edəcək düşərgədə Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, karyera planlanması, şəxsi inkişaf yönümlü mövzularda təlim və seminarlar, peşəkarlarla görüşlər, yaradıcı master-klasslar, intellektual yarışlar, komanda quruculuğu oyunları, gənclərin müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsi keçiriləcəkdir. Düşərgə müddətində gənclərin asudə vaxtlarını əyləncəli keçirməsi məqsədilə müxtəlif özfəaliyyətlərin, musiqili-əyləncəli proqramların və idman oyunlarının təşkil olunması da nəzərdə tutulub. Düşərgənin hər günü gənclər üçün xüsusi təşkil olunan konsert proqramı ilə yekunlaşacaqdır.