Azərbaycan-Ermənistan sərhədindən Naxçıvana elektrik xəttinin layihələndirilməsi yekunlaşıb

Azərbaycan-Ermənistan sərhədindən Naxçıvana elektrik xəttinin layihələndirilməsi yekunlaşıb

11 Sentyabr 2026

Naxçıvan ərazisində Azərbaycan-Ermənistan sərhədindən Naxçıvan şəhəri istiqamətində elektrik veriliş xəttinin layihələndirilməsi üzrə müvafiq işlər yerinə yetirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat  verir ki, bunu "AzərEnerji" ASC İdarə Heyətinin sədri Baba Rzayev Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, gələcəkdə Naxçıvanda Azərbaycan ilə Türkiyə arasında birbaşa elektrik əlaqəsinin əsas elementlərindən biri olacaq çevirici yarımstansiyanın tikintisi üçün nəzərdə tutulmuş ərazi "Azenerji" ASC-yə ayrılıb:

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) enerji komponentinin həyata keçirilməsi Azərbaycanın əsas enerji sistemini Naxçıvanın enerji sistemi ilə birləşdirməyə və bununla da Türkiyə ilə elektrik əlaqəsinin daha da inkişaf etdirilməsi üçün zəruri infrastruktur bağlantısını formalaşdırmağa imkan verəcək. "AzərEnerji" bu əməkdaşlığı yüksək qiymətləndirir və onun eyni intensivliklə davam etdirilməsinə çalışır. "Türkiye Elektrik İletim A.Ş." (TEİAŞ) ilə əməkdaşlığımız yalnız interkonnektor layihəsi ilə məhdudlaşmır. Biz həmçinin enerji sisteminə artan həcmdə bərpa olunan enerji mənbələrinin inteqrasiyası, enerji sisteminin idarə olunması, onun dayanıqlılığının və etibarlılığının təmin edilməsi məsələləri üzrə sıx əməkdaşlıq edir, eləcə də sistem operatorlarının fəaliyyətinin digər istiqamətləri üzrə təcrübə mübadiləsi aparırıq".