Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25 Sentyabr 2026

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 25-də onun dəvəti ilə ölkədə rəsmi səfərdə olan Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda ilə görüşüb.

Nazirlər Kabinetindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirilib ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamənin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olduğu vurğulanıb.

Dövlət başçıları prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun siyasi iradəsinin və birgə səylərinin Azərbaycan-Tacikistan münasibətlərinin hazırkı yüksək səviyyəyə çatmasında həlledici rol oynadığı qeyd olunub.

Ölkələrin regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib.

Qarşılıqlı ticarətdə müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Eyni zamanda ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb.

Hökumətlərarası Birgə Komissiyanın fəaliyyətinin, eləcə də Azərbaycan-Tacikistan İşgüzar Şurasının və biznes-forum formatının işgüzar dairələr arasında birbaşa əlaqələrin genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində mövcud olan əlverişli əməkdaşlıq imkanlarından daha səmərəli istifadə olunması məsələləri müzakirə edilib.

Orta Dəhlizin Asiya ilə Avropa arasında mühüm nəqliyyat marşrutlarından biri kimi artan rolu, eləcə də Zəngəzur dəhlizinin regionun yeni nəqliyyat arxitekturasında yaratdığı əlavə imkanlar qeyd olunub.

Energetika sahəsində, xüsusilə bərpa olunan enerji istiqamətində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yaxşı perspektivlərin olduğu bildirilib.

Həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Mədəni-humanitar və təhsil sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub. Tərəflər arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Sazişin tələbələr üçün əlavə imkanlar yaratdığı bildirilib.

Hökumət başçıları Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlığın bütün istiqamətlər üzrə daha da dərinləşdirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.