Azərbaycana kökəltmə üçün idxal olunan heyvanlar ƏDV-dən azad edilə bilər
Azərbaycanda heyvandarlıq sektorunda istehsal xərclərinin azaldılması məqsədilə kökəltmə üçün idxal olunan heyvanların əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi ilə bağlı təşəbbüs gündəmdədir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Süd və ət istehsalı üzrə mövcud problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin qiymətləndirilməsi" mövzusunda ictimai müzakirədə bildirib.
Onun sözlərinə görə, kökəltmə məqsədilə idxal edilən heyvanların həm gömrük rüsumundan, həm də ƏDV-dən azad olunması istehsalın rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək.
"Gömrük rüsumu ilə bağlı sənəd müvafiq mərhələdədir, imzalanması gözlənilir. ƏDV məsələsinin isə kənd təsərrüfatının ümumi vergi rejimi üzrə nəzərdə tutulan islahatlar çərçivəsində dəyərləndirildiyi qeyd olunub. Bu istiqamətdə aidiyyəti qurumlarla müzakirələr aparılır və qərarın vergi islahatları paketində əks olunması planlaşdırılır".
Vergi rəsmisi qeyd edib ki, təşəbbüsün əsas məqsədi sahibkarların heyvandarlıq sektoruna marağını artırmaq, istehsal xərclərini azaltmaq və daxili bazarda ət təminatını gücləndirməkdir.








