Qax Dövlət Kukla Teatrı Naxçıvanda qastrol səfərində olub - FOTO
Qax Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar artist, Prezident mükafatçısı Yusif Abdurahmanov “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Dövlət Kukla Teatrında baş tutan qastrol səfəri, nümayiş etdirilən tamaşa və teatrlararası əməkdaşlıqdan danışıb.
Naxçıvan Dövlət Kukla Teatrında Nizami Gəncəvinin “Xeyir və şər” əsərinin motivləri əsasında hazırlanan eyni adlı pantomim tamaşa təqdim olunub. Əməkdar artist tamaşanın hazırlanma prosesinə də toxunub:
“Pantomim tamaşaların hazırlanması digər janrlardan fərqli və daha mürəkkəb prosesdir. Çətinliyinə baxmayaraq, tamaşa uğurlu alındı və tamaşaçıların diqqətini, sevgisini qazana bildi”.
Baş rejissor bildirib ki, Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədovun təşəbbüsü ilə iki teatr arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd əsasında qarşılıqlı qastrol səfərlərinə artıq start verilib.
“Yaxın vaxtlarda Naxçıvan Dövlət Kukla Teatrı Qaxda qonağımız oldu və çox uğurlu bir tamaşa nümayiş etdirdi. Bu fakt əməkdaşlığın artıq praktik mərhələyə keçdiyini göstərir”, – deyə baş rejissor qeyd edib.
O, gələcək planlara da diqqət çəkərək rejissorlar, rəssamlar və aktyorlar arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin nəzərdə tutulduğunu bildirib. Məqsəd aktyorların fərqli rejissorlarla işləməsi və yaradıcılıq potensiallarının daha dolğun üzə çıxarılmasıdır.
Müsahibəni hazırladı:
Nəzrin Umay













