Möminə Xatun türbəsi ərazisində beynəlxalq geofiziki tədqiqatlar aparılır - MÜSAHİBƏ
Naxçıvanda yerləşən Möminə Xatun türbəsi ərazisində yeraltı mühitin vəziyyətinin öyrənilməsi məqsədilə beynəlxalq mütəxəssislərin iştirakı ilə geofiziki tədqiqatlar aparılır.
Araşdırmalar İtaliyanın Livorno şəhərində yerləşən “Geostudi Astier S.r.l.” şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilir.
Şirkətin geoloqu Simone Farinelli "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində bildirib ki, tədqiqatların əsas məqsədi ərazidə mümkün geoloji problemləri müəyyənləşdirmək və mövcud vəziyyəti dəqiq qiymətləndirməkdir. Onun sözlərinə görə, aparılan işlər abidə ətrafında torpaq qatının ümumi strukturunun öyrənilməsinə yönəlib.
Geofizik Mattia Balestri isə qeyd edib ki, tədqiqatlar geoelektrik üsullar və GPR (yeraltı radar) texnologiyası vasitəsilə aparılır. Bu metodlar torpaq qatında struktur dəyişikliklərini, boşluqları və yeraltı suların mümkün təsirini müəyyənləşdirməyə imkan verir.
Araşdırmaların nəticəsi olaraq Möminə Xatun türbəsi ərazisinin 3D elektrik modeli hazırlanacaq, həmçinin GPR analizinə əsaslanan xəritə təqdim ediləcək. Bu materiallar ərazidə mövcud ola biləcək problemlərin yerini və xarakterini dəqiq müəyyənləşdirməyə imkan verəcək.
Qeyd edək ki, aparılan tədqiqatlar tarixi-memarlıq abidəsinin qorunması və gələcək mühafizə tədbirlərinin elmi əsaslarla planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müsahibəni hazırladı:
Nəzrin Umay










