“Dövlət qulluğunda vətəndaş məmnunluğunun təmin edilməsi” mövzusunda onlayn təlim keçirilib - FOTO
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə “Dövlət qulluğunda vətəndaş məmnunluğunun təmin edilməsi” mövzusunda onlayn təlim təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, təlimdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət orqanlarının 63 əməkdaşı iştirak edib. Onlayn təlimi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının baş müəllimi Anar Həsənov aparıb.
Təlim zamanı dövlət qurumlarında vətəndaş yönümlü idarəetmə modelinin formalaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və institusional imicin gücləndirilməsi məsələləri ətraflı şəkildə izah edilib. Xüsusilə dövlət qurumunun imicinin düzgün yaradılması və bu imicə təsir edən əsas amillər praktiki nümunələr əsasında iştirakçıların diqqətinə çatdırılıb.
Təlim çərçivəsində dövlət qurumlarında xidmət mədəniyyəti və ona təsir edən əsas faktorlar, ünsiyyət zamanı nüfuzetmə və effektiv təsir bacarıqları, çətin situasiyalarda ünsiyyətin düzgün qurulması və emosional yanaşma, müsbət təəssürat yarada bilmək və peşəkar ünsiyyət bacarıqları, vətəndaşın tələbatına hədəflənmiş yanaşma, təqdimetmə və izah etmə bacarıqları, vətəndaş etirazları və çətin vətəndaşlarla işləmə mexanizmləri, vətəndaşlarla əks əlaqənin qurulması və qiymətləndirilməsi, emosional idarəetmə və stressin düzgün yönləndirilməsi mövzuları geniş şəkildə müzakirə olunub.
Təlimdə, həmçinin dövlət qurumlarının vətəndaşlara xidmət sahəsində imicinə müsbət təsir göstərən əsas amillər xüsusi vurğulanıb. Bu çərçivədə sürət və əlçatanlığın artırılması, gözləmə vaxtlarının azaldılması, onlayn xidmətlərin sadə və funksional olması, eləcə də müraciətlərə vaxtında və əsaslandırılmış cavab verilməsinin əhəmiyyəti qeyd olunub.
Bundan əlavə, ünsiyyətdə “insan dili”nin önə çəkilməsi, quru hüquqi terminlər əvəzinə vətəndaş üçün anlaşılan izahların verilməsi, “qanuna əsasən” ifadəsi ilə yanaşı vətəndaşın real olaraq nə edə biləcəyini göstərən yanaşmanın vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.
Təlim interaktiv müzakirələr və praktik nümunələrlə müşayiət olunub, iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə praktiki tövsiyələr verilib.











