Naxçıvanda poçt və telekommunikasiya qurumları birləşdirilir
Muxtar respublikada rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur islahatları aparılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Fərman imzalayıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvanpoçt” MMC, “Naxçıvan Telekom” MMC və “Naxçıvan Muxtar Respublikası Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxs birləşdirilərək onların əsasında “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC yaradılır.
Yeni yaradılan cəmiyyət sözügedən qurumların hüquqi varisi olacaq, onların hüquq və öhdəlikləri, eləcə də əmlakı bu quruma keçəcək. Cəmiyyət dövlət qeydiyyatına alınanadək mövcud qurumlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirəcək, işçilərin əməkhaqqı sistemi və vəzifə funksiyaları dəyişməz saxlanılacaq.
Fərmanla Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bölüşdürülüb. Eyni zamanda Cəmiyyətin strukturu, rəhbər heyətinin təyinatı, maliyyə fəaliyyəti və inkişaf istiqamətləri ilə bağlı mühüm qərarların qəbul edilməsi mexanizmləri müəyyən edilib.
Nazirlər Kabinetinə və aidiyyəti nazirliklərə normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının formalaşdırılması, dövlət əmlakının inventarizasiyası və yeni qurumun dövlət qeydiyyatına alınması ilə bağlı konkret müddətlər müəyyən olunub.








