Naxçıvanda dövlət qurumlarının əməkdaşları üçün intellekt yarışı təşkil olunub - FOTO
Dekabrın 17-də "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar dövlət qurumlarının əməkdaşları arasında "Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə "Suverenlik Kuboku" uğrunda birincilik keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan yarışmada 26 komanda iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildirib ki, birincilik dövlət qurumlarının əməkdaşları arasında intellektual potensialın inkişafı və sağlam rəqabət mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə yarışlar əməkdaşların dünyagörüşünün genişlənməsinə, analitik düşünmə bacarıqlarının artırılmasına və komanda ruhunun möhkəmlənməsinə mühüm töhfə verir. Məcid Seyidov eyni zamanda intellektual oyunlara marağın ildən-ilə artdığını vurğulayaraq bunun sevindirici hal olduğunu qeyd edib və bütün iştirakçılara uğurlar arzulayıb.
Sonra intellekt oyununa start verilib. Nəticələrə əsasən Maliyyə Nazirliyinin "Financer" komandası birinciliyin qalibi olub. Təhsil Nazirliyinin "Maarifçilər" komandası ikinci olub. Culfa Rayon İcra hakimiyyətinin "Culfa" komandası isə yarışı üçüncü yerdə tamamlayıb.
İlk üç yerin sahibləri diplom və hədiyyələrlə, eyni zamanda qalib "Financer" komandası baş mükafat olan "Suverenlik Kuboku" ilə mükafatlandırılıb. Mükafatları nazir müavini Məcid Seyidov təqdim edib.













