Saim Özakalın: Bu gün ortaya çıxan iqtisadi mənzərə həm Türkiyə, həm də Azərbaycan üçün çox dəyərlidir

Saim Özakalın: Bu gün ortaya çıxan iqtisadi mənzərə həm Türkiyə, həm də Azərbaycan üçün çox dəyərlidir

03 Dekabr 2025

Ərzurum Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri və Türkiyə Odalar və Borsalar Birliyinin İdarə Heyətinin üzvü Saim Özakalın II Azərbaycan–Türkiyə Regional İqtisadi Forumunda “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Azərbaycan–Türkiyə əməkdaşlığının əhəmiyyətindən danışıb.

O bildirib ki, bu gün Naxçıvanda formalaşan müsbət mənzərə hər iki ölkə üçün böyük dəyər daşıyır:

“Türkiyə baxımından da, Azərbaycan və xüsusilə Naxçıvan baxımından da bu gün burada ortaya çıxan mənzərə həqiqətən çox dəyərlidir. İş adamlarımızın bir araya gələrək görüşlər keçirməsi və birgə müzakirələr aparması böyük əhəmiyyət kəsb edir”.

Saim Özakalın həm ümummilli lider Heydər Əliyevin, həm də Mustafa Kamal Atatürkün Azərbaycan–Türkiyə qardaşlığı ilə bağlı fikirlərini xatırladıb:

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Biz bir millət, iki dövlətik”. Eyni zamanda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi: “Naxçıvan və Azərbaycan üçün yaranan hər bir dərd bizim dərdimizdir, bizim dərdimiz də onların dərdidir". Bu ortaq mədəniyyət və duyğular iqtisadi sahədə də öz əksini tapmalıdır.

O qeyd edib ki, forum yüksək səviyyəli iştirakla xüsusi əhəmiyyət daşıyır:

“Bu gün burada çox yüksək səviyyədə — xüsusilə Naxçıvan tərəfindən qərarverici mövqedə olan rəhbər şəxslərin, Türkiyə tərəfdən sərhəd bölgələrimizin valilərinin, bələdiyyə başçılarının, qeyri-hökumət təşkilatlarının və iş adamlarının iştirakı ilə çox mühüm bir toplantı keçiririk. Mən inanıram ki, bu görüş gələcək əməkdaşlıqlar üçün çox xeyirli olacaq”.

Özakalın dəyişən iqtisadi şərtlərin yeni yanaşmalar tələb etdiyini də vurğulayıb:

“Daim dəyişən şərait fonunda iqtisadiyyatlar, istehsal sahələri və ticarət əlaqələri hər an fərqli istiqamətlər ala bilər. Buna görə də biz həm ikitərəfli, həm də üçtərəfli formatlarda özümüzü daha da gücləndirməyə və əməkdaşlığımızı davam etdirməyə məcburuq”.

Müsahibəni hazırladı:

Nəzrin Umay