Abasət Nuriyev: Cəmşid Naxçıvanski Muzeyində 6000-ə yaxın eksponat qorunur

Abasət Nuriyev: Cəmşid Naxçıvanski Muzeyində 6000-ə yaxın eksponat qorunur

15 Dekabr 2025

“Cəmşid Naxçıvanski Muzeyi artıq 44 ildir ki, general-mayor Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini, eləcə də naxçıvanskilər irsini toplayaraq qoruyur və gələcək nəsillərə ötürür”.

Bu fikirləri “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində muzeyin direktoru Abasət Nuriyev bildirib.

O vurğulayıb ki, muzeyin yaradılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun təşəbbüsü və imzaladığı sənədlər əsasında 1971-ci ildə Cəmşid Naxçıvanskinin xatirəsi əbədiləşdirilib, 1981-ci ildə 85 illik yubileyi qeyd olunub, həmin ilin dekabrın 15-də isə Azərbaycan SSR Nazirlər Sovetinin 632 nömrəli Sərəncamı ilə generalın Naxçıvan şəhərindəki ata evi muzey kimi təsdiq edilib.

Direktorun sözlərinə görə, muzey müstəqillik dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə 1993-cü ildən etibarən keçirilən tədbirlərin məzmunu və ideya istiqaməti müstəqil dövlətçilik ruhuna uyğunlaşdırılıb. Hazırda muzeydə sərkərdənin həyatı, döyüş yolu, hərbi-pedaqoji fəaliyyəti, ailəsinə məxsus xatirə əşyaları və sənədlər ziyarətçilərə təqdim olunur.

Abasət Nuriyev qeyd edib ki, bu gün Cəmşid Naxçıvanski irsi dövlət səviyyəsində xüsusi qayğı ilə əhatə olunur. Prezident İlham Əliyevin 2 aprel 2015-ci il tarixli “Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı və muzeyin əsaslı təmir-bərpası buna bariz nümunədir.

Məlumata görə, 1987-ci ildə 350 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hazırda 6000-ə yaxın eksponat qorunur. Onlardan 638-i 6 ekspozisiya zalında nümayiş etdirilir. Ekspozisiyalarda Cəmşid Naxçıvanskinin uşaqlıq və gənclik illəri, hərbi təhsili, Birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğundakı fəaliyyəti, sovet dövründəki xidmətləri, repressiya illəri və ailə üzvləri ilə bağlı materiallar yer alır.

Direktor həmçinin Araz-Türk Respubilkasının  tariximizdəki  rolunu vurğulayıb:  Muzeydə milli dövlətçilik tariximiz üçün mühüm əhəmiyyət daşıyan Araz-Türk Respublikasına həsr olunmuş yeni ekspozisiya zalı yaradılıb. Burada respublikanın tarixi, qurucuları, Naxçıvanın müdafiəsində iştirak etmiş şəxsiyyətlərə aid sənədlər, fotoşəkillər və digər dəyərli materiallar sərgilənir. Cəmşid Naxçıvanskinin keçdiyi şərəfli döyüş yolu və Araz-Türk Respublikasının tarixi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Müsahibəni hazırladı:

Nəzrin Umay