15 Dekabr - Ümumdünya Türk Dilləri Günü kimi təsis edilib - MÜSAHİBƏ
UNESCO-nun qərarı ilə bu il ilk dəfə olaraq 15 dekabr tarixi Ümumdünya Türk Dilləri Günü kimi təsis edilib. Bu əlamətdar gün 200 milyondan artıq insanı birləşdirən türk dilləri ailəsinin qədim köklərinə və zəngin mədəni irsinə beynəlxalq səviyyədə verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.
Bu barədə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyev “NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində məlumat verib. Bildirilib ki, müvafiq qərar UNESCO-nun Özbəkistanın Səmərqənd şəhərində keçirilən 43-cü Baş Konfransında qəbul olunub. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın birgə təşəbbüsü, eləcə də 20-dən çox ölkənin dəstəyi ilə 15 dekabr tarixi rəsmi olaraq Ümumdünya Türk Dilləri Günü elan edilib.
Qeyd olunub ki, ölkəmizdə bu tarix münasibətilə keçirilən elmi konfranslar, ədəbiyyat gecələri, sərgilər və maarifləndirici proqramlar türk dillərinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
AMEA Naxçıvan Bölməsində də türk dilinin inkişafı, vahid əlifbaya keçid və ictimaiyyətin məlumatlandırılması məqsədilə bu il institut üzvləri tərəfindən 3 kitab və 15-dən çox elmi məqalə hazırlanıb.
Əbülfəz Quliyev həmçinin vurğulayıb ki, 2026-cı ilin fevral ayında Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam Azərbaycanın türk dili və türkoloji elmlərə göstərdiyi yüksək diqqətin bariz nümunəsidir.
Müsahibəni hazırladı:
Xosrov İbrahimov








