Memar Əcəminin Naxçıvandakı heykəli harada olacaq? -

Memar Əcəminin Naxçıvandakı heykəli harada olacaq? - rəsmi açıqlama

13 Dekabr 2025

Naxçıvanda tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilir, hazırda isə bu çərçivədə Möminə Xatun türbəsində bərpa işləri davam etdirilir.

Bu fikirləri "NAXÇIVANXƏBƏRLƏRİ"-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat katibi Məmməd Hüseynli bildirib. 

O, XVIII əsrə aid İsmayıl Xan hamamının bərpası işlərinin başladığını, layihə-smeta sənədlərinin hazırlanması üzrə satınalmanın yekunlaşdığını və qalib şirkət olaraq “Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu” MMC-nin müəyyən edildiyini bildirib. 

Müqaviləyə əsasən abidənin ətrafının abadlaşdırılması, topoqrafiya və geologiya işləri, interyer dizaynı və daxili tərtibat həyata keçiriləcək.

“Ordubad Mədrəsəsi və Sərşəhər məscidi üzrə layihələndirmə və bərpa işləri davam edir. Memar Əcəminin heykəli hazırlanır və 2026-cı ilin mayına qədər təhvil veriləcək. Həmçinin heykəlin Naxçıvan şəhərindəki "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksinin ərazisində ucaldılması nəzərdə tutulur”, - deyə o qeyd edib.

Müsahibəni hazırladı:

Nəzrin Umay