Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafı üçün şərtlər açıqlanıb

Azərbaycanda aqrar sektorun dayanıqlı inkişafı üçün şərtlər açıqlanıb

23 İyun 2026

Azərbaycanda kənd təsərrüfatı sektorunda dayanıqlı inkişaf su ehtiyatlarının səmərəli idarə olunmasından asılıdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sektoru ölkənin ümumi su ehtiyatlarının ən böyük istehlakçılarından biri olduğu üçün su resurslarının səmərəli idarə olunması həm bu sahənin inkişafı, həm də ümumi iqtisadi dayanıqlığın təmin edilməsi baxımından əsas şərtlərdən biridir: "Dövlət Proqramı çərçivəsində müəyyən edilmiş hədəflərə uyğun olaraq aqrar sektorun dayanıqlı inkişafının dəstəklənməsi və su təminatının etibarlılığının artırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 2026–2030-cu illəri əhatə edən bu Dövlət Proqramının əsas istiqamətlərindən birini yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçid təşkil edir".

Z.Quliyev vurğulayıb ki, Mil-Muğan iqtisadi rayonu Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi əhəmiyyətə malik regionlardan biridir: "Bu iqtisadi rayon ənənəvi olaraq pambıqçılıq, taxılçılıq, heyvandarlıq, yem bitkiləri istehsalı və həyətyanı təsərrüfatlar üzrə ölkənin əsas istehsal mərkəzlərindən biri kimi seçilir. Mövcud potensialın tam reallaşdırılması üçün isə etibarlı və dayanıqlı su təminatı həlledici əhəmiyyət daşıyır".

O deyib ki, Azərbaycanda pambığının 37 %-i Mil-Muğan iqtisadi rayonunda istehsal olunur: "Bu iqtisadi rayona daxil olan Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının əlverişli iqlim və münbit torpaq şəraitinə malik olması, ərazilərinin əsas su arteriyalarımız olan Kür və Araz çaylarının sahillərində yerləşməsi, eləcə də suvarma və kollektor-drenaj şəbəkələri ilə təmin olunması həmin bölgələrin respublikanın əsas pambıqçılıq regionu kimi formalaşmasında mühüm rol oynayan əsas amillərdəndir. Ölkə üzrə ümumi 1 milyon 430 min hektar suvarılan sahələrin 240 434 hektarı (17 %), eləcə də respublika üzrə 107 298 hektar pambıq əkin sahəsinin 40 174 hektarı (37 %) və 466 835 hektar taxıl əkin sahəsinin 61 729 hektarı (13 %) Mil-Muğan iqtisadi rayonunun payına düşür".