Azərbaycanda quzuların və buzovların kəsilməsi qadağan edilir
Azərbaycanda kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən dinləmə formatında iclasında müzakirə olunan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, müəyyən çəkiyə çatmamış kənd təsərrüfatı heyvanlarının kəsilməsinə yol verilməməlidir. Heyvanların növləri və cinsləri üzrə kəsim üçün yol verilən minimum çəki və yaş hədlərini səlahiyyətli orqan müəyyən edəcək.
Heyvandarlıqla, heyvan və heyvan mənşəli məhsulların satışı ilə məşğul olan, eləcə də baytarlıq xidmətləri göstərən fiziki və hüquqi şəxslərin vəzifələri sırasında bu hədlərə riayət edilməsi də yer alır.
Sənəddə heyvanların daşınmasına dair tələblər də nəzərdə tutulur. Daşınma onların sağlamlığına zərər vurmayan və daşınmadan yaranan gərginliyi minimuma endirən üsul və vasitələrlə həyata keçirilməlidir.
Layihədə minimum çəki və yaş hədlərinin konkret rəqəmləri göstərilməyib.








