Bu ilin 11 ayında “Könüllü DOST” proqramına daha 1500 nəfər cəlb olunub

Bu ilin 11 ayında “Könüllü DOST” proqramına daha 1500 nəfər cəlb olunub

28 Dekabr 2025

“Könüllü DOST” proqramına bu ilin yanvar-noyabr ayları ərzində 42 min müraciət olub, 1500 nəfər proqrama cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan həmin proqramın “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “DigiDOST”, “TeleDOST” kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarəedilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə kömək göstərir.

Onlar dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər.

Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.