Naxçıvan şəhərində təşkil olunan bayram stendlərində məhsulların qiyməti necədir?
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan bayram şənlikləri çərçivəsində şəhərin müxtəlif ərazilərində ticarət stendləri qurulub.
Tədbirə uyğun olaraq bəzədilmiş meydanlarda fəaliyyət göstərən bu stendlərdə Yeni il atributları, şirniyyatlar, isti içkilər və gündəlik istehlak məhsulları satışa çıxarılıb.
Lakin aparılan müşahidələr göstərir ki, bəzi məhsulların qiymətləri gündəlik satış qiymətlərindən fərqlənir.
Araşdırma zamanı məlum olub ki, bayram stendlərində təklif olunan bəzi ərzaq və şirniyyat məhsulları adi mağaza qiymətlərindən daha baha satılır. Məsələn, gündəlik mağazalarda orta hesabla 1–1,20 manat arasında satılan çay stendlərdə 2 manata təklif olunur. Eyni zamanda, mağazalarda 2,50–3 manat olan hədiyyəlik qutular bayram ərazilərində 4–5 manat aralığında satılır.
Şirniyyat məhsullarında da qiymət fərqləri müşahidə edilir. Belə ki, adi günlərdə 1 kiloqramı təxminən 6 manata satılan müxtəlif peçenye və konfet növləri bayram stendlərində 7–8 manat aralığında təklif olunur. Yeni il üçün hazırlanmış xüsusi qablaşdırılmış şirniyyat dəstlərinin qiyməti isə 9–11 manat təşkil edir ki, bu da gündəlik satış qiymətləri ilə müqayisədə cüzi fərq yaradır.
Yeni il atributları ilə bağlı məhsullarda da oxşar vəziyyət qeydə alınıb. Məsələn, adi mağazalarda 3–4 manata satılan yolka oyuncaqları stendlərdə 6–7 manat, 10–15 manata olan kiçik süni yolkalar isə bayram satış nöqtələrində 20 manat və daha yuxarı qiymətə təklif olunur.
Stend sahibləri qiymət fərqlərini bayram günlərində tələbatın artması və satış yerlərinin qurulması üçün çəkilən əlavə xərclərlə izah edirlər. Onların sözlərinə görə, müvəqqəti stendlərin icarəsi, işıqlandırma və təşkilati məsələlər məhsul qiymətlərinə təsir göstərir.
Şəhər sakinləri arasında aparılan müşahidələr zamanı isə bu məsələyə münasibət birmənalı olmayıb. Bəzi vətəndaşlar bayram ab-havası və xidmət şəraitini nəzərə alaraq qiymət artımını normal qarşıladıqlarını bildiriblər.
Digərləri isə hesab edirlər ki, gündəlik istifadə olunan məhsulların bayram adı ilə daha baha satılması məqsədəuyğun deyil.
Qeyd edək ki, "Qış festivalı" Naxçıvan şəhərində qarşıdakı günlərdə də davam edəcək.
Mənsurə HÜMBƏTOVA








