Budapeştdə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı – Strateji əməkdaşlıqda yeni səhifə

Budapeştdə Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısı – Strateji əməkdaşlıqda yeni səhifə

22 May 2025

Türk Dövlətləri Təşkilatının növbəti Zirvə Toplantısının Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi regional inteqrasiyanın və beynəlxalq əməkdaşlığın yeni mərhələsinə işarə edir. Bu sammit yalnız üzv dövlətlərin deyil, həm də müşahidəçi ölkələrin aktiv iştirakı ilə Türk dünyasında birliyin güclənməsinə və qlobal arenada ortaq mövqelərin formalaşdırılmasına xidmət edir. Macarıstanın ilk dəfə təşkilata ev sahibliyi etməsi və “Şərq və Qərbin görüş nöqtəsi” mövzusu, həm geosiyasi, həm də mədəni baxımdan əhəmiyyətli bir dialoqun əsasını qoyur. Budapeştdə keçirilən bu görüş, Türk Dövlətləri Təşkilatının strateji hədəflərini daha da irəli aparmaqla yanaşı, regional sabitlik və əməkdaşlıq üçün mühüm mesajlar verir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Macarıstan arasında tarixi və strateji oxşarlıqlar, habelə müstəqil siyasət yürütmək bacarığı əlaqələrin güclü təməlini təşkil edir. Bu yaxınlıq və oxşarlıqlar Azərbaycan-Macarıstan əməkdaşlığını çoxşaxəli — diplomatik, iqtisadi və nəqliyyat sahələrində inkişaf etdirmək üçün əsas yaradır.

TDT-nin ilk qeyri-rəsmi Zirvə görüşünün Azərbaycanda – Şuşada keçirilməsi, sonra isə Macarıstanda davamının təşkil olunması Azərbaycanın təşəbbüskarlığını və regional liderliyini göstərir. 2024-cü ildə Azərbaycanda rəsmi Zirvə görüşünün keçirilməsi də ölkənin təşkilatdakı öncül rolunu və regional inteqrasiya səylərinin açıq-aydın göstəricisidir.

Prezidentin çıxışında Azərbaycanın 20 milyard ABŞ dollarından çox sərmayə qoyması, Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması və nəqliyyat infrastrukturu ilə bağlı ciddi investisiyalar (avtomobil yolları, dəmir yolları, limanlar, hava limanları) xüsusi qeyd olunur. Sadalanan işlər, Azərbaycanın regional nəqliyyat-logistika mərkəzinə çevrilmək strateji planını ortaya qoyur.

Xüsusilə Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi, Xəzər limanları arasında vahid rəqəmsal platformanın yaradılması Azərbaycanın regional ticarət və nəqliyyat əlaqələrində rəqəmsallaşmaya verdiyi önəmi göstərir.

Zirvə görüşündə Prezident cənab İlham Əliyevin vurğuladığı məsələlərdən biri də Azərbaycanın 2024-cü ilin noyabrında COP29 qlobal iqlim konfransına ev sahibliyi etməsi oldu. Konfransda 197 ölkənin iştirakı, 70 dövlət və hökumət başçısının olması Azərbaycanın qlobal səviyyədə nüfuzunu və təşəbbüskarlığının təsdiqidir. COP29-un əsas nəticələri – iqlim maliyyəsinin artırılması, karbon bazarlarının tənzimlənməsi və İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi – beynəlxalq iqlim siyasətində mühüm addımlardır və bu, “Bakı sıçrayışı” kimi qiymətləndirilir.

Dövlət başçısı cənab İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq aparıldığını vurğulayır. Bu, Azərbaycanın öz suverenliyini bərpa etməsi, 44 gün ərzində işğal altında olan torpaqları azad etməsi kimi faktları hüquqi və siyasi baxımdan əsaslandırır.

Eyni zamanda sülh prosesində Azərbaycanın təşəbbüskar mövqeyi, sülh müqaviləsinin mətninin hazırlanması və Ermənistanın bəzi şərtləri hələ qəbul etməməsi, buna baxmayaraq, Azərbaycanın gedişatı təmkinlə izləməsi ölkəmizin regionda apardığı sülhyönümlü siyasətin əsas göstəricisidir.
Bütün bunlardan başqa dünya liderlərinin çıxışları da Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində mərkəzi və lider rolunu bir daha təsdiqləyir. Onların fikirlərində Azərbaycanın regional siyasətdə həm strateji, həm də iqtisadi baxımdan önəmli aktor olduğu açıq şəkildə vurğulanır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın enerji sahəsində təşəbbüslərini yüksək qiymətləndirir və Avropaya qaz ixracının artırılması ideyasını dəstəkləyir. Bu, Azərbaycanın yalnız regionda deyil, Avropa enerjisi təhlükəsizliyində də mühüm oyunçu olduğunu göstərir. Eyni zamanda rəqəmsal texnologiyalar və infrastruktur sahəsində Qazaxıstanla birgə həyata keçirilən layihələr Azərbaycanın texnoloji inkişafda öncül mövqedə olduğunu nümayiş etdirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunmasındakı rolunu vurğulayır və İlham Əliyevin bölgədə sabitlik yaradan lider kimi nüfuzunu önə çəkir. Bu, Azərbaycanın diplomatik uğurlarını və regional barışa töhfəsini göstərir, həmçinin Türk dünyası üçün nümunəvi liderlik rolunu ifadə edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanla əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirir, mədəniyyət sahəsində TÜRKSOY-un fəaliyyətini müasirləşdirməyi təklif edir. Bu, Azərbaycanın Türk dünyasında mədəni liderlik rolunu və birləşdirici gücünü göstərir.
Təşkilatın Baş katibi Kubanıçbek Ömüraliyev isə Azərbaycanın təşkilat daxilində bir çox strateji layihələrə öncülük etdiyini və üzv ölkələr arasında əməkdaşlığın inkişafında həlledici rol oynadığını qeyd edir. “CubeSat” peyk layihəsi və Türk kimliyi təşəbbüsü Azərbaycanın texnoloji yenilik və regional inteqrasiyada aparıcı ölkə olduğunu təsdiqləyir.

Beləliklə, bu çıxışlar Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı nüfuzunu, liderlik potensialını və regional sabitlikdə rolunu aydın şəkildə ortaya qoyur. Digər dövlətlərin rəhbərləri Azərbaycanın təşəbbüskar və əlaqələndirici rolunu dəstəkləyərək, birlikdə daha geniş və dərin əməkdaşlıq perspektivlərinə işarə edir. Bu da Azərbaycanın həm Türk dünyasında, həm də daha geniş Avrasiya məkanında strateji mövqeyinin gücləndiyini göstərir.

Bunlardan əlavə Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin 1990-cı illərin əvvəllərindən qurulması, səfirliklərin açılması və bu əlaqələrin BMT, ATƏT, NATO, Avropa İttifaqı kimi beynəlxalq platformalarda inkişaf etdirilməsi, ölkələrarası çoxşaxəli əməkdaşlığın göstəricisidir.

2023-cü ildə imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlıq Birgə Bəyannaməsinin yeni mərhələ açması iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsi və regional, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından önəmlidir.

Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı