Ənənəyə çevrilmiş

Ənənəyə çevrilmiş 23 Aprel

23 Aprel 2025

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq.

Sönmədən yurdumun üstündə yanan ən son ocaq.

O mənim millətimin ulduzudur, parlayacaq.

O mənimdir, o mənim millətimindir ancaq.

Ulu Öndər Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" tarixi formulu zamanın çətin sınaqlarından keçərək öz doğruluğunu, həyatiliyini, zəruriliyini, gərəkliliyini və hər keçən gün daha da perspektivliliyini nümayiş etdirməklə etnik kökləri, dili, mənəviyyatı, adət-ənənələri bir olan xalqlarımızın birliyinin və birlikdə inkişaf və tərəqqisinin təməl daşıdır. Ulu Öndərin hər zaman vurğuladığı kimi, Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və xalqlarımızın qarşılıqlı inkişaf və tərəqqisinin hərəkətverici qüvvəsidir.

Tarixi köklərə, sarsılmaz dəyərlərə söykənən Azərbaycan–Türkiyə dostluğu bütün dövrlərdə öz möhkəmliyini və əbədiliyini qoruyub saxlamaqdadır. Bunun nümunəsi olaraq qeyd etmək istəyirəm ki, bu dəyərlər bu gün Naxçıvan Muxtar Respublikasında da qorunur və möhkəmləndirilir. Bu sahədə silsilə tədbirlərin, görüşlərin, layihələrin, sərgilərin, şənliklərin keçirilməsi buna əyani sübutdur.

Təməli Türkiyə Cümhuriyyətinin lideri Mustafa Kamal Atatürk tərəfindən qoyulan 23 Nisan (23 Aprel) Ulusal Egemenlik ve Çocuk Bayramının Naxçıvanda keçirilməsi artıq ənənə halını alıb. Türkiyə Cümhuriyyətinin Naxçıvan Baş Konsulu Asip Kayanın təşəbbüsü və dəstəyi ilə 2023-cü ildən etibarən, bu il də Naxçıvanda 23 Nisan (23 Aprel) Ulusal Egemenlik ve Çocuk Bayramı böyük coşqu və sevinclə qeyd olundu. Türkiyə Cümhuriyyətinin Naxçıvan Baş Konsulluğu, “Günəş” Uşaq Akademiyası və Naxçıvan Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə aprelin 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı” adlı tədbir keçirildi.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Naxçıvan Baş Konsulu Asip Kaya möhkəm Türkiyə–Azərbaycan qardaşlığından, Ümummilli Lider Heydər Əliyev və Mustafa Kamal Atatürkün iki dövlət, bir millət arasında birlik və həmrəyliyin möhkəmlənməsi yolunda atdığı addımlardan, bu gün bu missiyanın ölkə prezidentləri tərəfindən uğurla davam etdirilməsindən, əməkdaşlıq əlaqələrinin intensiv inkişafından danışdı. Baş Konsul qeyd etdi ki, bu əlaqələrin gələcək inkişafı bu gün yetişən uşaqlardan asılıdır. Bu baxımdan, 23 Aprel Milli Suverenlik və Uşaqlar Günü hər iki ölkənin uşaqlarının bir araya gəlməsi ilə qeyd edilir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Elxan Nəcəfli və “Günəş” Uşaq Akademiyasının təsisçi direktoru Ulduz Əliyeva ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətindən, uşaq hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi və ən əsası, Vətən və xalq üçün layiqli vətəndaşlar yetişdirilməsi istiqamətində genişmiqyaslı işlər görülməsindən danışdılar. Tədbirdə əlamətdar günün ruhunu əks etdirən 150 uşaqdan ibarət rəqs, mahnı, şeir, səhnəcik və digər maraqlı təqdimatlarla çıxış edən uşaqlar böyük sevgi və alqışla qarşılandılar.

Tədbiri maraqlı edən məqamlardan biri də “Günəş” Uşaq Akademiyasının Rəsm qrupunun “İki dövlət, bir millət” adlı rəsm sərgisində balaca rəssamların əsərləri oldu. Türkiyə–Azərbaycan dostluğunu, vətən və bayraq sevgisini tərənnüm edən rəsm əsərləri böyük rəğbət qazandı. Tədbirdə bir-birindən gözəl və maraqlı rəqslər və təqdimatlar arasında Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs müəllimi Əfsanə Əmirovanın rəhbərlik etdiyi “Əlvan Çiçəklər” qrupunun hazırladığı “Azərbaycan–Türkiyə” kompozisiyası tədbir iştirakçıları tərəfindən ayaqüstə alqışlandı.

“Günəş” Uşaq Akademiyasının istedadlı uşaqlarının təqdimatları, Naxçıvan şəhər 1, 2, 5 və 11 nömrəli uşaq bağçalarının fidanlarının oynadığı rəqslər, Şərur Gimnastlar Qrupunun rəhbəri Xanım Əhmədovanın rəhbərlik etdiyi gimnastlar qrupu şənliyi daha da maraqlı etdi və böyük coşqu ilə qarşılandı.

Azərbaycan və Türkiyə bayraqlarının havada uçuşan təntənəsi iki dövlət, bir millətin uşaqlarının parlaq gələcəyinin və möhkəm dostluğunun mənzərəsi idi. 23 Aprel Milli Suverenlik və Uşaqlar Gününün sevgi, coşqu, böyük sevinç və təntənə ilə qeyd olunduğu bu gün dahi Hüseyn Cavidlərin, Mehmet Akif Ərsoyların niyyəti və arzusu idi. Bu gün gələcəyə akademik uşaqlar yetişdirmək, milli irsin sahibi olan müasir düşüncəli, yüksək intellektli uşaqlar tərbiyə etmək və bu kimi tədbirlərin böyük əhəmiyyəti və faydası var. Çünki bu günün uşaqları sabahın böyükləridir. Düz 18–20 il bundan öncə uşaq olan şəhidlərimiz bu günün şanlı tarixini yazdılar. Nəsillərə örnək olub qəhrəmanlıq dastanına döndülər. Bu günün uşaqlarını elə tərbiyə etməliyik ki, türk torpağı uğrunda canını fəda edən hər bir şəhidin ruhu şad olsun.

Əsrlər, qərinələr keçsə də, Vətən onu sevənlərlə var olur, onu sevərək özü ilə, ruhu ilə vəsf edənlərlə yaşayır. Təşkil olunmuş şənlikdə dalğalanan Azərbaycan və Türkiyə bayraqları görkəmli Azərbaycan dahisi Hüseyn Cavidin yaxın dostu, müəllimi, Türkiyə Respublikasının və Şimali Kipr Türk Respublikasının İstiqlal Marşının müəllifi “Vatan şairi” və “Milli şair” adı almış Mehmet Akif Ərsoyun aşağıdakı sözləri ilə əbədi dəyər kəsb edirdi:

Dalğalan sən də şəfəqlər kimi, ey şanlı hilal!

Olsun artıq tökülən qanlarımın hamısı halal.

Əbədiyyən sənə yox, xalqıma yox, bil ki, zaval:

Haqqıdır, hür yaşamış bayrağımın hürriyyəti;

Haqqıdır, Haqqa tapan millətimin istiqlalı!

Ulduz Eyvazqızı