NDU-da II Respublika Elmi konfransının açılış tədbiri  keçirilib -

NDU-da II Respublika Elmi konfransının açılış tədbiri keçirilib - FOTO

23 Aprel 2025

Naxçıvan Dövlət Universitetində 23-24 aprel tarixlərini əhatə “İdarəetmədə və təhsildə rəqəmsallaşdırma” mövzusunda II Respublika Elmi konfransının açılış tədbiri keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfrans Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin tərəfdaşlığı və 20-dən çox elm-təhsil müəssisəsindən olan tədqiqatçıların, universitetin müəllim-tələbə heyətinin iştirakı ilə təşkil edilib.

Tədbirdən əvvəl İncəsənət fakültəsinin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış olub.

Universitetdə keçirilən konfransda öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə açılış nitqi söyləyən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın təşkilini yüksək qiymətləndirib, dördüncü sənaye inqilabı dövründə müasir çağırışların rəqəmsal bacarıqları öyrənməyi və yararlanmağı tələb etdiyini vurğulayıb. Eyni zamanda Naxçıvan Dövlət Universitetinin də sürətlə rəqəmsallaşmağa doğru irəlilədiyinə diqqət çəkib. Elbrus İsayev bildirib ki, NDU bu yöndə ölkədə nümunəvi ali təhsil müəssisəsidir ki, ilk dəfə elektron  təhsil sisteminə keçib, ölkədə ilk dəfə smart tələbə kartı “TələbəPlus”ın istifadəsini tətbiq edib, tədris prosesi və elmi tədqiqatlarda hibrid təhsil qurulub, elmi əsərlər jurnalı elektronlaşıb. Rektor həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bu il reallaşacaq NDU–da İnnovasiyalar Mərkəzi barədə məlumat verərək, məqsədin ölkədə rəqəmsal bacarıqlara dair strategiya uyğun, əmək bazarının tələblərinə cavab verən, yenilikçi kadrlar hazırlamaq olduğunu qeyd edib. Bildirib ki, dünyanın Texnologiya lideri olan IBM-lə NDU arasında əməkdaşlıq müqaviləsinə əsasən universitetdə IBM Mərkəzi istifadəyə verilib və irəlidə bu yöndə təkmilləşdirmə işləri həyata keçiriləcək. Rektor həmçinin universitet+sənaye+hökümət əməkdaşlığının vacibliyini vurğulayıb və bu fəaliyyətlərin uğurlu karyera planlamasına hədəfləndiyini əlavə edib.  

Daha sonra plenar çıxışlar başlanıb. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli “Rəqəmsal Dövrdə Strateji İdarəetmə”, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Müslum Cabbarzadə “Rəqəmsal xəritələrin tətbiqi: müasir çağırışlar”, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev “Rəqəmsal ödəniş ekosistemində innovasiyalar” mövzularında məruzə ilə çıxış ediblər.

Eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Raqif Qasımov “Təhsildə İKT və rəqəmsallaşdırma: UNEC nümunəsi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim tədris mərkəzi”nin müdiri Xalidə Həmidova “Ali təhsil müəssisələrində strateji planlaşdırmanın nəzəri əsasları” və NDU İnformasiya Texnologiyaları şöbə müdiri Hüseyn Əsgərlinin “Naxçıvan Dövlət Universitetində elektron təhsil və rəqəmsallaşdırma” başlıqlı çıxışları dinlənilib. 

Çıxışlarda natiqlər Azərbaycan iqtisadiyyatında rəqəmsallaşmanın tətbiqi, bu sahədə statistik məlumatların, aparılan təhlillərin  müsbət nəticələri, rəqəmsal maarifləndirməyə göstərilən diqqət, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, süni intellekt və innovativ yeniliklərin qarşıya qoyduğu əsaslı çağırışlardan bəhs ediblər. Həmçinin konfransda rəqəmsal transformasiyanın təhsildə idarəetmə proseslərinə təsiri, qərarvermə mexanizmlərində məlumat analitikasının rolu və liderliyin yeni tələbləri müzakirə edilib.

Konfransda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonra konfransın keçirilməsində göstərilən təşkilatı dəstəyə görə tərəfdaş üzvlərə Naxçıvan Dövlət Universiteti adından rektor Elbrus İsayev tərəfindən təşəkkürnamə təqdim edilib. 

Sonda xatirə fotosu çəkilib. Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, bölmə iclasları 3 salonda, 10 panel üzrə keçiriləcək. 23 təşkilatın 115 təqdidqatçısı tərəfindən 83 tədqiqat üzrə məruzələr təqdim ediləcək. İki gün davam edəcək konfransın sonunda iştirakçılara sertifikatlar veriləcək.