Macarıstan da Azərbaycan kimi  müstəqil siyasət aparan nadir ölkələrdəndir

Macarıstan da Azərbaycan kimi müstəqil siyasət aparan nadir ölkələrdəndir

21 May 2025

Ölkəmizin dünyada müstəqil siyasət aparan ölkələrlə əlaqəsi həmişə diqqət mərkəzində olub. Çünki Azərbaycan da özünün müstəqil inkişaf strategiyasında heç kimdən, hətta hazırda dünyada hegemonluq etməyə çalışan dövlətlərdən belə çəkinmədən müstəqilliyə xüsusi dəyər verir. Məhz bu baxımdan Macarıstanla münasibətlər çox səmimi və getdikcə dərinləşən istiqamətdə gedir. Bu günlərdə Macarıstana səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələləri də vurğulayıb. Macarıstan Prezidenti Viktor Orbanla görüşdə bir daha bunları diqqətə çatdırıb: “Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var”- deyən İlham Əliyev dünyanın diqqətinə bir daha çatdırıb ki, Azərbaycan-Macarıstan iki dost ölkə və strateji tərəfdaşdır. 

Görüş zamanı cənab İlham Əliyev onu da vurğulayıb ki, bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Macarıstan və Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkələrdir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”. 

Görüş zamanı Azərbaycan Prezidenti qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsinə də toxunub. Bildirib ki, Azərbaycanın bu haqlı savaşı BMT-nin Nizamnaməsi əsasında aparıldı. “Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.

İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik”- deyə İlham Əliyev bildirib. Onu da qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Lakin bu günə qədər sülh müqaviləsinin hələ də imzalanmamasında günahkar isə məğlub Ermənistan tərəfdir. “Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”- deyə Azərbaycan Prezidenti müəyyən məqamlara aydınlıq gətirib. 

Cənab İlham Əliyev Macarıstanla iqtisadi əlaqələr də toxunub. Bu əlaqələrin təkcə Macarıstan üçün yox, ümumilikdə Avropa İttifaqı uşun əhəmiyyətini qeyd edib. Daha çox energetika sahəsində görülən işləri qeyd edib. “Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Yəni bu, reallaşacaq layihələrdir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.

Cənab Prezident onu da diqqətə çatdırıb ki, bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. 

Rza XUDİYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti