COP29 çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri arasında görüş keçirilib

COP29 çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri arasında görüş keçirilib

18 Noyabr 2024

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev Azərbaycan və gürcü xalqları arasında mövcud olan tarixi və mədəni əlaqələrin iki ölkə arasında münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvi dostluq münasibətləri əsrlərə söykənir. T.Musayev yüksəksəviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Həmçinin Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.

COP29-da müzakirə olunan məsələlərin əhəmiyyətini və aktuallığını vurğulayan T.Musayev qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rolunu qeyd edib. Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Gürcüstanın işğal olunmuş ərazilərdən məcburi köçkün düşənlərlə iş, əmək, səhiyyə və sosial müdafiə naziri Mixeil Sarcveladze dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib. Mixeil Sarcveladze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq, COP29 gündəliyinin formalaşmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb. Həmçinin Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq qeyd olunub.

Görüşdə səhiyyə sahəsində ixtisaslı kadrların hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.