“Şərq qapısı” qəzeti 103 yaşını qeyd edib -

“Şərq qapısı” qəzeti 103 yaşını qeyd edib - FOTO

21 Noyabr 2024

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatının güzgüsünə çevrilən “Şərq qapısı” qəzeti rəsmi statusla 103 yaşını qeyd edib. Bu münasibətlə qəzetin kollektivi Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sonra Heydər Əliyev Muzeyində “Şərq qapısı” qəzetinin müxtəlif tarixi dövrlərə aid nömrələri ilə tanışlıq olub. Qeyd edilib ki, dahi şəxsiyyətin 1990-1993-cü illərdə Naxçıvanda Ali Məclisin Sədri kimi verdiyi tarixi fərman və sərəncamlar, qərarlar ilk dəfə məhz bu mətbuat orqanında işıq üzü görüb. Ümummilli Lider Heydər Əliyev qəzetin fəaliyyətini yüksək qiymətləndirib, Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı”na verdiyi müsahibədə “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb” fikirlərini səsləndirib. Qəzet bütün dövrlərdə muxtar respublikada ictimai-siyasi həyatın, elm, təhsil, maarifçilik, ədəbiyyat sahələrində gedən inkişaf proseslərinin güzgüsünə çevrilib və bu gün də bu yöndə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Vurğulanıb ki, “Şərq qapısı” qəzeti bu gün tarixində ilk dəfə olaraq yaranmasının ildönümünü rəsmi statusla qeyd edir. Belə ki, cari il may ayının 1-də Prezident cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun qanunvericilikdə təsbit edilməsi və qəzetin fəaliyyətinin təmin olunmasının hüquqi əsasının yaradılması ilə əlaqədar hazırlanan “Media haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq cari il avqustun 15-də isə mətbuat orqanının əməkdaşlarının əməkhaqları artırılıb. Yaxın gələcəkdə qəzetin maddi-texniki təminatının yaxşılaşdırılması üçün də işlər həyata keçiriləcək. Kollektiv bundan sonra da yaradılan şəraitdən istifadə edərək ölkəmizin, muxtar respublikanın ictimai-siyasi həyatında baş verən ən son yenilikləri geniş oxucu kütləsinə çatdırmaq üçün səylə çalışacaq.