Dövlət Komitəsi: Naxçıvanın Baş planı razılaşdırma mərhələsindədir
Naxçıvan şəhərinin Baş planı aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu bildirib.
O xatırladıb ki, bu günə qədər 79 şəhərdən 67-nin Baş planı təsdiq olunub və digərləri üzərində işlər ardıcıl davam etdirilir: "Qarabağ və Şərqi Zəngəzur bölgəsində bərpa işləri ilə yanaşı, ərazilər sıfırdan, müasir standartlara uyğun səviyyədə yenidən qurulur. Bu ərazilərdə 8 şəhərin baş planı, 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırmaları təsdiq edilib. 2 şəhərin baş planı aidiyyəti qurumlarla razılaşdırılır, daha 2 şəhərin baş planı üzrə işlər yekun mərhələdədir. Həyata keçirilən layihələr sayəsində bu ərazilərdə qlobal trendlərə cavab verən, "ağıllı" şəhər və kənd konsepsiyalarını, bərpaolunan enerji və yaşıl zona yanaşmalarını özündə birləşdirən tamamilə yeni birekosistem formalaşdırılır".








