Naxçıvanda “Naxçıvanın qədim abidələri gənclərin gözü ilə” adlı fotomüsabiqə keçiriləcək

Naxçıvanda “Naxçıvanın qədim abidələri gənclərin gözü ilə” adlı fotomüsabiqə keçiriləcək

13 May 2026

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Naxçıvanın qədim abidələri gənclərin gözü ilə” adlı fotomüsabiqə elan olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, Naxçıvanın zəngin tarixi-mədəni irsinin və təbiət abidələrinin təbliğinə töhfə vermək, eyni zamanda foto sənətinə marağı artırmaqdır.

Müsabiqədə 14–29 yaş arası gənclər iştirak edə bilərlər. Təqdim olunacaq fotoşəkillər Naxçıvanın tarix, mədəniyyət və təbiət abidələrini əhatə etməli, iştirakçının şəxsi müəllif işi olmalıdır. Hər iştirakçı maksimum 3 ədəd foto təqdim edə bilər. Fotoşəkillər A3 və ya A2 ölçüdə çap olunmuş formada təşkilat komitəsinə təqdim edilməlidir.

Müraciətlərin qəbulu 22 may 2026-cı il tarixinədək davam edəcək. Fotoların sərgisi və qiymətləndirilməsi isə 26 may 2026-cı il saat 11:00-da Nazirliyin inzibati binasının qarşısında keçiriləcək.

Müsabiqənin qalibləri diplom, fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar.