
Elbrus İsayev beynəlxalq elmi konfransda iştirak edib - FOTO
NDU-nun rektoru Elbrus İsayev BSU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” III beynəlxalq elmi konfransda iştirak edib
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aprelin 10-da Bakı Slavyan Universitetində (BSU) “İnklüziv təhsildən inklüziv cəmiyyətə: bərabər imkanlar və dayanıqlı inkişaf” (İTİC 2025) III beynəlxalq elmi konfrans keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, NDU Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev, NDU İnklüziv Təhsil Mərkəzinin direktoru Taleh Xəlilov konfransda iştirak ediblər.
BSU-nun rektoru Anar Nağıyev konfransı açıq elan edərək, inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində ölkədə həyata keçirilən dövlət proqramlarından danışıb. Rektor bildirib ki, universitetdə inklüziv təhsilə dair müzakirə və maarifləndirmə tədbirləri, o cümlədən regionlarda müəllim və psixoloqlarla görüşlər davam etdirilir.
NDU-nun rektoru Elbrus İsayev konfransda çıxış edərək, inklüziv təhsil sahəsində BSU ilə əməkdaşlığı yüksək dəyərləndirib və universitetin bu istiqamətdə ixtisaslaşmış ali məktəb kimi nüfuz qazandığını qeyd edib. Yüksək təşkilatçılıq və məhsuldarlıq şəraitində keçirilən konfransa dəvətə görə təşəkkürünü bildirib.
Konfransda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayev, millət vəkilləri Nigar Məmmədova və Mehriban Vəliyeva, “BP”-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, DOST İYM-nin direktoru Esmira Ənsəri, “Birgə və Sağlam” İB-nin direktoru Aytən Eynalova, İtaliyanın Roma Məktəb Direktorları Asossasiyasının direktor müavini, Roma Motsart məktəbinin direktoru Covanni Koqlyandro, Kozsalin Texnologiya Universitetinin əməkdaşı Adam Jagiello Rusilovski və Finlandiyanın “EduCluster Finland” dövlət şəbəkəsinin adoptativ təhsil üzrə koordinatoru Heli Parhiala və digər qonaqlar çıxış ediblər. Natiqlər konfransın əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.
Konfransın bədii hissəsi nümayiş etdirildikdən sonra beynəlxalq tədbirin işi bölmələr üzrə davam etdirilib.