Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb

13 Aprel 2025

Qarabağ Universitetində “Qarabağda gələcəyin tibb bacısı və həkim təhsili modeli” mövzusunda keçirilən ikigünlük beynəlxalq konfrans öz işini yekunlaşdırıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qarabağ Universiteti Klinikasının təşkilatçılığı ilə keçirilən konfransa 75 iştirakçı qoşulub. Tədbirdə tibb sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislər iştirak ediblər.

Beynəlxalq konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev tədbirin əhəmiyyətindən söz açaraq bu cür tədbirlərin innovativ yanaşmaların müzakirəsi üçün mühüm platforma olduğunu bildiriblər. Çıxışçılar diqqətə çatdırıb ki, Qarabağ Universitetinin Klinikasında tibb sahəsində təhsilin həyata keçirilməsi, tədqiqatların aparılması və bölgədə tibb xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

İki gün davam edən konfransın panel müzakirələrində tədris proqramının inkişafı ilə bağlı zəruri məqamlar, həmçinin tibb və tibb bacılığı üzrə kurikulum inkişafı üçün təhsil strategiyasının əsasları mövzularında fikir mübadiləsi aparılıb.