Naxçıvanda cərrahi xəstəliklərin aktual məsələlərinə dair elmi-praktik konfrans keçirilib -

Naxçıvanda cərrahi xəstəliklərin aktual məsələlərinə dair elmi-praktik konfrans keçirilib - FOTO

13 Aprel 2025

Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilən silsilə tədbirlər çərçivəsində səhiyyə sahəsində də elmi müzakirələrin aparılması davam etdirilir.

Muxtar respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu məqsədlə növbəti tədbir - “Cərrahi xəstəliklərin aktual məsələləri, onların diaqnostika və müalicəsinə müasir baxışlar” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə baş tutub.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyinə baxış keçirilib.

Konfransın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov belə elmi tədbirlərin regionda səhiyyənin inkişafı və tibbi mütəxəssislər arasında bilik və təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Nazir çıxışı zamanı son dövrlərdə muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən islahatlara da toxunub.

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru professor Rauf Ağayev konfransın yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, belə əməkdaşlığın həm elmi, həm də praktiki müstəvidə qarşılıqlı inkişaf üçün əhəmiyyətini qeyd edib. Çıxışının sonunda professor Rauf Ağayev Elmi Cərrahiyyə Mərkəzinin kollektivi adından səhiyyə naziri Samiq Sadıxova fəxri fərman təqdim edib.

Konfransın elmi hissəsində Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssisləri tərəfindən “Öd yollarının yatrogen zədələnmələrinin səbəbləri, diaqnostikası, cərrahi müalicəsi və profilaktikası”, “Ürəyin birincili şişlərinin diaqnostikası və cərrahi müalicəsi”, “Minimal invaziv kolon cərrahiyyəsində nailiyyətlər”, “Düyünlü urlar zamanı əməliyyata göstərişlər” və digər aktual mövzularda elmi məruzələr təqdim olunub.

Daha sonra iştirakçıların sualları cavablandırılıb, elmi müzakirələr aparılıb, fikir və təcrübə mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, tədbir çərçivəsində akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin kollektivi Naxçıvan Mərkəzi Xəstəxanasında yaradılmış Təlim Mərkəzi ilə də tanış olublar. Qonaqlara mərkəzin fəaliyyəti barədə səhiyyə naziri Samiq Sadıxov tərəfindən ətraflı məlumat verilib.