
“Konstitusiya demokratik cəmiyyətin hüquqi əsasıdır” mövzusunda tədbir keçirilib - FOTO
Aprelin 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Müvəkkil aparatının, Kəngərli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rəşad Həsənzadə və Müvəkkil aparatının şöbə müdiri Vahidə Bayramova giriş nitqi ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə demokratik dəyərlərə və prinsiplərə uyğun ilk milli konstitusiyanın hazırlanması, Əsas Qanunla müəyyənləşdirilən demokratik və hüquqi dövlət ideallarının və vətəndaş cəmiyyəti prinsiplərinin möhkəmlənməsi barədə məlumat veriblər.
Daha sonra Müvəkkil aparatının əməkdaşı Nuranə Kərimova “Azərbaycan Respublikası Konstitusiyası insan hüquq və azadlıqlarının qarantıdır" mövzusunda çıxış edərək Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsinin dövlətimizin demokratik ənənələrə, insan hüquqları ideyasına əməl etmək, vətəndaş cəmiyyətinə qovuşmaq niyyətinin ifadəsi olduğunu vurğulayıb.
Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər Səfərov “Müstəqilliyimiz əbədi, inkişaf isə məqsədimizdir” mövzusunda çıxış edərək dövlətçiliyin möhkəmləndirilməsi, həyata keçirilən ardıcıl tədbirlər və ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi barədə məlumat verib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və “Dövlətin əsasları” adlı videoçarx nümayiş olunub.