“Konstitusiya və Suverenlik İli” çərçivəsində konfrans keçirilib - FOTO
“Konstitusiya və Suverenlik İli” çərçivəsində martın 14-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsində “Konstitusiya və insan hüquqları: Qanuni məhdudiyyətlər və zəruri istisnalar” mövzusunda konfrans təşkil olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə universitetin Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin tələbəsi Təhminə Nəcəfova çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb və Ədliyyə Nazirliyinin fəaliyyətinin hüquq sistemindəki rolunu vurğulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi, hüquq kafedrasının müəllimi Reyhan Sadiqova “Konstitusion hüquq və azadlıqların məhdudlaşdırılmasının hüquqi əsasları və məqsədləri” mövzusunda çıxış edərək qeyd edib ki, hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. O həmçinin qeyd edib ki, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır və beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırıla bilməz.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı Yunis Xəlilov və Ümumi hüquq kafedrasının müəllimi Əli Qədimov çıxış ediblər. Onlar konstitusion təminatlar və qanuni məhdudiyyətlər müstəvisində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsini tənzimləyən normalara, müasir Konstitusiya islahatlarında “rəqəmsal dövlət” konsepsiyası və milli suverenliyin qorunması məsələlərinə toxunublar.
Sonda tələbələrin sualları cavablandırılıb və onlara qanunvericilik normaları ilə bağlı izahlar verilib.
Tədbir İnstagram sosial şəbəkə platformasından canlı olaraq da yayımlanıb və 170-dən çox izləyici onlayn qoşularaq tədbirdə iştirak edib.