“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda tədbir keçirilib -

“Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Konstitusiyası” mövzusunda tədbir keçirilib - FOTO

13 Mart 2025

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının və Naxçıvan Dövlət Universitetinin aidiyyəti əməkdaşları ilə birgə Kəngərli rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Kəngərli rayon İcra Hakimiyyətinin başçısının müavini Hacırəddin Mehbalıyev giriş sözü ilə açaraq mövzunun əhəmiyyətdən danışıb.

Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının əsas qanunu – ilk Konstitusiya qəbul olunmuşdur.

Həmçinin, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının əməkdaşı Həsən Həsənov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Əziz Qasımov və YAP-ın Kəngərli rayon təşkilatının sədiri Sevda Quliyeva mövzu ilə bağlı çıxış ediblər.

Sonda Konstitusiya və Suverenlik İlinə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.