Torpaq çərşənbəsində Konstitusiya və Suverenlik ilinə “tullantıları tinglərə dəyiş” aksiyası ilə töhfə verilib - FOTO
Məişət tullantılarının təkrar emala yönləndirilməsi, ölkə ərazisində yaşıllıqların sayının artırılmasına töhfə vermək məqsədilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Naxçıvan şəhəri, “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 3360 litr olan plastik, 195 litr şüşə tullantı və 150 ədəd işlənmiş batareya təhvil verilib.
Vətəndaşları ağac əkməyə və tullantıları çeşidləmə vərdişinin formalaşmasına təşviq etmək məqsədilə aksiya iştirakçılarına tullantılar qarşılığında Nazirliyin tinglik sahələrində yetişdirilən 150 ədəd badam, qoz, sərv, kızılçam, ərik və tuya tingi paylanılıb.
Qeyd edək ki, paylanılan tinglər Nazirliyin tinglik sahəsində yetişdirilir.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək bu cür aksiyalardan yararlanmağa çağırırıq.
Aksiyada yüksək fəallıqla iştirak edən sakinlərə təşəkkür edirik.