ANAMA-nın sədri bosniyalı nazirlə mina problemini müzakirə edib

ANAMA-nın sədri bosniyalı nazirlə mina problemini müzakirə edib

18 Mart 2025

Azərbaycanla Bosniya və Herseqovina arasında mina problemi müzakirə olunub.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü baş tutub.

Görüş zamanı Azərbaycanda mövcud mina probleminin miqyası, ərazilərin nizamsız şəkildə minalanması, eləcə də bu təhlükənin aradan qaldırılması istiqamətində ölkədə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti barədə nümayəndə heyətinə geniş təqdimatla məlumat verilib.

Zukan Helez Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı ətraflı təqdimata görə təşəkkür edərək gördüklərindən təsirləndiyini və ölkəsinin də eyni problemlə üzləşdiyini diqqətə çatdırıb.

Görüşdə mina təhlükəsi ilə üzləşmiş və bu təhlükəyə qarşı mübarizə sahəsində uzunmüddətli təcrübəyə malik olan hər iki ölkənin müvafiq qurumlarının qeyd edilmiş sahədə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.