132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyasında sınaq-sazlama işləri yekunlaşıb - FOTO
Muxtar respublikada istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu məqsədlə əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, qəza açılmalarının minimuma endirilməsi, elektrik təchizatının etibarlılığının yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan yeni texnologiyaların tətbiqi və maddi-texniki bazanın müasirləşdirilməsi başlıca prioritetlərdəndir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 2004-cü ildə köhnə avadanlıqlardan istifadə edilərək o dövrün elektrik enerjisi tələbatına uyğun tikilən 132/110/10 kilovoltluq "Culfa" yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyası üçün alınmış transformatorların quraşdırma işləri yekunlaşıb. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və Türkiyə Respublikasının “Europower Enerji ve Otomasyon Teknolojileri San. Tic. Anonim Şirkəti”nin mütəxəssislərinin iştirakı ilə yarımstansiyada rele-mühafizə və SCADA sistemləri üzrə son sınaq-sazlama işləri həyata keçirilib, “Azərenerji” ASC-nin avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşulubdur.
Yarımstansiyada 132/110 kV-luq 50 MVA gücündə bir ədəd, 110/35/10 kV-luq 16 MVA gücündə iki ədəd yeni transformator quraşdırılıb, yarımstansiyanın gücü 82 MVA-ya çatdırılıb.
Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib, kabel zirzəmisi inşa olunub, optik kabel çəkilib, beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib. Binanın damında daxili elektrik enerjisi təlabatı üçün günəş panelləri və üç ədəd 5 kilovat gücündə invertorlar quraşdırılıb. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, texniki xidmət və idarəetmə otaqları inşa edilib.
Yarımstansiyada 35 kilovoltluq qapalı paylayıcı qurğunun tikintisi və şəbəkə ilə əlaqələndirilməsi Culfa rayonunda 35 kilovoltluq dairəvi elektrik təchizat sxemlərinin yaradılmasına, elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına xidmət edəcəkdir.
Yarımstansiyanın yenidən qurulması ilə 110 kilovoltluq elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da Biləv Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq “Çeşməbasar” yarımstansiyası arasında 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlılığı artırılıb, gələcəkdə 36 MVt Ordubad Su Elektrik Stansiyasının yarımstansiya ilə əlaqələndirilməsi nəzərə alınıbdır.
Yarımstansiya muxtar respublika enerjisisteminə tam inteqrasiya edildikdən sonra, elektrik enerjisinin ötürülməsinin dayanıqlığı ilə yanaşı, Culfa və Ordubad rayonlarında əhali və qeyri-əhali abonentlərinin, bir sıra istehsal və infrastruktur obyektlərinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılacaq, elektrik enerjisi ilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı, perspektivdə yaranacaq abonentlərin elektrik enerjisi təminatını daha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütün imkanlara malik olacaqdır.