“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Nikah və din” mövzusunda tədbir keçirilib -

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Nikah və din” mövzusunda tədbir keçirilib - FOTO

11 Mart 2025

Martın 11-də Şahbuz şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Nikah və din” mövzusunda maarifləndirici tədbir keçirilib. Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlal Paşayev tədbiri giriş sözü ilə açaraq bu tədbirin əhəmiyyətini qeyd edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirdə çıxış edərək bildirib ki, xalqımız hər zaman ailə dəyərlərini, milli adət-ənənələri uca tutubdur.

Ailə sağlam cəmiyyətin, güclü dövlətin formalaşmasında və inkişafında mühüm vasitədir. Azərbaycan ailə modeli özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən ailədir. Ailələrin möhkəm olmasının əsas meyarlarından biri də ailə dəyərlərini qoruyub saxlamaqdır. Bu danılmaz bir faktdır ki, gənc nəsil ailədə necə böyüyürsə, gələcəkdə cəmiyyətdə də tərbiyə aldığı mühiti əks etdirir.Bu məqsədlə keçirilən tədbirlərin əhəmiyyəti böyükdür. Ailə qurmaq istəyən hər birşəxsin yalnız yetkinlik yaşına çatdıqdan sonra ailə qurması daha məqsədəuyğundur. Bu onların ailəsinin daha mükəmməl olması deməkdir. Aytən Məmmədova vurğulamışdır ki, artıq bu sahədə də qanunvericilik bazası formalaşmışdır. Sevindirici haldır ki, erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması istiqamətində ölkə qanunvericiliyində cəzalar sərtləşdirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşı Aysu İbrahimova qeyd edib ki, dinlərdə nikah insanları birləşdirən mənəvi bir bağ olaraq görülür və cəmiyyətdə ahəng və nizamın qorunmasında mühüm rol oynayır. Burada diqqət yetirilməli məqamlar ondan ibarətdir ki, din xadimləri də erkən və qohum evliliklərinin yolverilməzliyini təbliğ etməlidirlər.

Şahbuz Rayon Dini İcmasının sədri Mirməhəmməd Seyidov mövzu ilə bağlı maarifləndirmə tədbirlərinin təşkilinə görə dövlətimizə minnətdarlıq edib.

Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş olunub.

45 nəfərin cəlb edildiyi tədbir diskussiya xarakterli olub.