
“Konstitusiya və Suverenlik İli” ilə əlaqədar olaraq “Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir” adlı tədbir keçirilib - FOTO
Martın 11-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov milli-mənəvi dəyərlərin qorunmasının və gənclər arasında təbliğinin əhəmiyyətindən bəhs edib. Bildirilib ki, xüsusilə yeniyetmə və gənclərin tərbiyəsində dəyərlərimizə söykənmək vacibdir. Bu gün hər birimizin üzərinə düşən vəzifə bizə aid olan dəyərləri qoruyub saxlamaq, bizə xas olmayanlara qarşı isə mübarizə aparmaqdır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Sosial siyasət komitəsinin sədri Nuray Əliyeva çıxış edərək bildirib ki, dilimiz, dinimiz, adət-ənənələrimiz bizim milli-mənəvi dəyərlərimizdir. Bu dəyərlərə sadiq olmaq, yaşatmaq, gənc nəslə sevdirmək Vətənimizin gələcəyi naminə vacib və əhəmiyyətlidir. Xalqımız tarixən bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından uğurla çıxmağı bacarıb, öz milli kimliyini, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Hüquq siyasəti komitəsinin üzvü Vüsal Məmmədzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin hər zaman milli-mənəvi dəyərlərimizin ən böyük himayədarı olduğunu, xalqımıza məxsus dəyərlərin qorunub, gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətlər göstərdiyini qeyd edib. Bildirilib ki, azərbaycançılıq ideologiyasının bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır.
Sonra Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin direktoru Jalə Hacıyeva, məktəbin tarix müəllimi Səməd Talıbov, 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Sadiqə Şaxtaxtinskaya, 3 nömrəli tam orta məktəbin VIII A sinif şagirdi Rahilə Məmmədova, 9 nömrəli tam orta məktəbin VIII A sinif şagirdi Aylin Əliyeva və 11 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Duyğu Şahbazova çıxış edərək milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağın, yaşadıb inkişaf etdirməyin əhəmiyyətindən bəhs ediblər.