“Heydər Əliyev və Azərbaycan gəncliyinə inam: Davamlı inkişaf yolunda” tədbiri keçirilib -

“Heydər Əliyev və Azərbaycan gəncliyinə inam: Davamlı inkişaf yolunda” tədbiri keçirilib - FOTO

10 Dekabr 2025

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Heydər Əliyev və Azərbaycan gəncliyinə inam: Davamlı inkişaf yolunda” adlı tədbir təşkil olunub. Heydər Əliyev Muzeyində keçirilən tədbirdə nazirlik əməkdaşları və gənclər iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva iştirakçıları salamlayaraq ümummilli liderin Azərbaycan gənclərinə göstərdiyi etimad və ümumilikdə ölkə gəncliyinin inkişafındakı rolundan danışıb. Daha sonra muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, Heydər Əliyev gənclərin təhsilinə, mənəvi tərbiyəsinə və onların cəmiyyətin inkişafında fəal iştirakına xüsusi önəm verib. Dahi şəxsiyyətin Azərbaycançılıq ideologiyasının gənclər arasında təbliği, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi, o cümlədən milli gənc kadrlar kimi hazırlanması və yüksəlişi istiqamətində misilsiz xidmətləri olub. Dahi rəhbərin müəyyənləşdirdiyi strateji xətt üzrə gənclər siyasətinin sistematik və davamlı icrası  üçün mühüm addımlar atılmış, bu sahədə səmərəli dövlət idarəçiliyi modelinin tətbiqi təmin olunmuşdur. Əlavə olunub ki, bu siyasət Prezident İlham Əliyevin liderliyində uğurla davam etdirilir və gənclərin davamlı inkişafı ölkəmizin strateji prioritetlərindən biri kimi öz aktuallığını qoruyur. Qalib Azərbaycan gənci güclü və qətiyyətli lideri ilə gələcəyə inamla irəliləyir.

Tədbirin sonunda iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olaraq ümummilli liderin həyat və fəaliyyətinə dair eksponatları yaxından izləmə imkanı əldə ediblər.