Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağmağa davam edir

Naxçıvan Muxtar Respublikasının yüksək dağlıq ərazilərinə qar yağmağa davam edir

11 Dekabr 2025

Əvvəlcədən məlumat verildiyi kimi muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti davam edir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dekabrın 11-i saat 11:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Dekabrın 10-u və 11-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 8, Şahbuzda 5, Küküdə (Şahbuz) 6, Biçənəkdə (Şahbuz) 9, Şərurda 5, Axurada (Şərur) 5, Ordubadda 8, Parağaçayda (Ordubad) 16, Culfada 6, Göydərədə (Culfa) 7, Kəngərlidə 9, Sədərəkdə isə 6 mm olub.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağır.

Qarın hündürlüyü Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) 20, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Batabat ərazisində isə 2 sm qeydə alınıb.