Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində Türkiyədən idxal olunmuş “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə edilən sildenafil maddəsi aşkar olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, faktla bağlı qanunuvericiliyə uyğun olaraq həmin məhsul partiyaları məhv edilib, həmçinin istehsalçı tərəfindən istehsal olunan məhsulların ölkə ərazisinə idxalına məhdudiyyət tətbiq edilib.
Bununla yanaşı, ölkə ərazisində ticarət şəbəkələrində keçirilmiş növbəti monitorinqlər zamanı qeyd olunan istehsalçıya məxsus, müşayiətedici sənədləri olmayan “Nitro Max” energetik içkisinin bəzi şərab mağazalarında satışının həyata keçirildiyi aşkar edilib. Araşdırmalar zamanı həmin məhsulların ölkəyə qeyri-qanuni yollarla gətirildiyi müəyyən olunub. Aşkarlanmış məhsullar dərhal satışdan kənarlaşdırılaraq müvafiq qaydada məhv edilib.
Eyni zamanda, Türkiyədə istehsal olunmuş “DBL Drink Diblong” əmtəə nişanlı 150 millilitr həcmli içkilərdən (istehsal tarixi 20 iyul 2025-ci il - son istifadə tarixi 20 iyul 2027-ci il) götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində tərkibində eyni uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar olaraq, həmin məhsul partiyasının qısa müddət ərzində satış obyektlərindən geri çağırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqi haqqında qərar qəbul edilib.
Faktla bağlı ticarət şəbəkələrinə sözügedən içkilərin satışının dərhal dayandırılması və qısa müddət ərzində tədarükçüyə geri qaytarılması barədə müvafiq məktublar göndərilib.
“Məlumat üçün bildiririk ki, həmin kimyəvi maddə insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlara səbəb ola bilər”, - deyə məlumatda vurğulanıb.








