İşıq saçan qadınlar gələcəyi qurur
Azərbaycan qadını tarix boyu yalnız ailənin deyil, həm də cəmiyyətin mənəvi dayağı, maarif və tərəqqi yolunun öncüsü kimi mühüm rol oynayıb. Bu ənənə bu gün də davam edir, elm, təhsil və mədəniyyət sahələrində fəaliyyət göstərən ziyalı qadınlar milli dəyərlərin inkişafına əhəmiyyətli töhfələr verirlər.
“NAXÇIVANXƏBƏRLƏRİ”-nin məlumatına görə, Naxçıvan Dövlət Universitetinin professoru, tarixçi alim Sevinc Abbasova ölkəmizdə qadın maarifçiliyi ənənələrinin təbliği istiqamətində mühüm bir hadisənin iştirakçısına çevrilib. O, Azərbaycanda qadın mətbuatının başlanğıcı hesab olunan “İşıq” jurnalının redaksiya heyətinə üzv seçilib.
Bu hadisə təkcə bir alim üçün deyil, həm də bütövlükdə Naxçıvanın elmi mühiti üçün əlamətdar sayılır. Çünki “İşıq” nəşri Azərbaycan qadınının maarifçilik, milli düşüncə və ictimai fəallıq tarixini yaşadan simvolik platformalardan biridir.
Tarixi mənbələrə görə, “İşıq” qəzetinin ilk nömrələri 1911-ci ildə Haşım bəy Vəzirovun “Səda” mətbəəsində çap olunub. 1912-ci ildən isə nəşr Bakı Şəhər Polis İdarəsinin mətbəəsində buraxılmağa başlanıb. Dövrün nüfuzlu mətbuat orqanlarından olan “Kaspi” qəzeti qəzetin ilk nömrəsinin çapından sonra yazırdı ki, Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə nəşr olunan “İşıq” müsəlman qadın və uşaqların maariflənməsinə xidmət edən bir mətbuat orqanıdır.
Nəşr ilk sayında məram və məqsədini açıqlayaraq bildirirdi ki, əsas məqsəd maarifləndirmə yolu ilə cəmiyyətin ümumi inkişafına töhfə verməkdir. Qəzetdə elm, ədəbiyyat, təbabət və hüquqa dair yazılarla yanaşı, evdarlıq, uşaqların təlim-tərbiyəsi və dövrün aktual ictimai məsələlərinə də yer ayrılırdı.
Professor Sevinc Abbasovanın redaksiyaya tövsiyə etdiyi ilk yazı da məhz maarifçilik ənənələrinə həsr olunub. “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Aytən Yusifovanın Naxçıvanda ilk qızlar məktəbinin yaradıcısı, muxtar respublikanın ilk əməkdar müəllimi Nazlı Nəcəfovanın anadan olmasının 135 illiyi münasibətilə hazırladığı “Maarif fədaisinin varisi ilə müsahibə” adlı yazı bu istiqamətdə mühüm addım kimi qiymətləndirilir. Məqalədə Nazlı Nəcəfovanın nəticəsi, Gənclər üçün Prezident mükafatı laureatı Cabbar Hüseyinli ilə müsahibə təqdim olunur.
Qeyd olunur ki, bu cür təşəbbüslər Azərbaycan qadınının maarifçilik yolunun yalnız tarixdə qalmadığını, bu gün də davam edən bir missiya olduğunu göstərir. Elm, söz və ideya ilə cəmiyyətə xidmət edən ziyalı qadınlar milli düşüncənin inkişafında mühüm rol oynayırlar.
Professor Sevinc Abbasovanın redaksiya heyətinə seçilməsi həm də Naxçıvanın elmi-ziyalı mühitinin ölkə miqyasında nüfuzunun artmasının göstəricisi kimi qiymətləndirilir.
Sevinc Abbasovaya elmi və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq. Çünki işıq saçan qadınlar həqiqətən də gələcəyi qururlar.








