Hökümə, hər şey yaxşı oldu – Mətin Kamal yazır
Bəzən tarix təqvimdə bir gün kimi yox, xalqın yaddaşında dərin iz buraxan hadisə kimi qalır. Aradan bir il keçməsinə baxmayaraq, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı reysi zamanı baş vermiş faciə Azərbaycan cəmiyyətinin yaddaşında hələ də ağrılı hadisə kimi yaşayır.
Həmin gün səmada baş verən qəza təkcə bir aviasiya hadisəsi deyildi. Bu, peşə borcu, insan məsuliyyəti və fədakarlığın son həddə qədər nümayiş etdirildiyi bir sınaq idi. Təyyarənin ekipaj üzvləri - komandir İqor İvanoviç Kşnyakin, ikinci pilot Aleksandr Georgiyeviç Kalyaninov və bələdçi Hökumə Cəlil qızı Əliyeva son ana qədər vəzifə borclarına sadiq qaldılar.
Xüsusilə təyyarə bələdçisi Hökumə Əliyevanın davranışı faciə anında insanlıq nümunəsinə çevrildi. Təhlükənin qaçılmaz olduğunu hiss etdiyi halda, o, sərnişinləri sakitləşdirməyə çalışdı, panikanın qarşısını aldı və öz qorxusunu gizlədərək insanlara ümid verdi. Onun “Hər şey yaxşı olacaq” sözləri həmin an təkcə təsəlli deyil, peşə məsuliyyətinin və insani borcun ifadəsi idi.
Bu faciə Azərbaycan dövlətinin diqqətindən kənarda qalmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə qəza nəticəsində həlak olmuş ekipaj üzvləri – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi. Bu qərar onların göstərdiyi peşəkarlığa, fədakarlığa və insan həyatına verdikləri dəyərə dövlət səviyyəsində verilən yüksək qiymət oldu.
Əslində bir az təsirli yazsam, Hökümənin titrəməyən səsinə verilən dəyər idi!
Faciə ilə bağlı aparılan araşdırmalar nəticəsində təyyarənin vurulmasında günahı olan şəxslər müəyyən edildi və məsuliyyətdən kənarda qalmadılar. Bu, Azərbaycan dövlətinin öz vətəndaşlarının həyatına qarşı törədilən istənilən cinayətə prinsipial mövqeyinin göstəricisi oldu. Ədalətin bərpa olunması cəmiyyət üçün mənəvi təsəlli olmaqla yanaşı, beynəlxalq hüququn aliliyinin təsdiqi kimi dəyərləndirildi.
Bu faciədən sonra bölgədə baş verən proseslər isə tarix üçün mühüm dönüş nöqtəsi oldu. Uzun illər davam edən Ermənistan–Azərbaycan qarşıdurması sülh mərhələsinə qədəm qoydu. Sülh sazişinin imzalanması regionda yeni siyasi reallıqlar yaratdı və gələcək nəsillər üçün sabitlik ümidi formalaşdırdı. Bu baxımdan, bir il öncə yaşanan faciə fonunda bu gün sülhün əldə olunması Azərbaycan xalqı üçün həm kədərli xatirələrin, həm də tarixi qələbənin yanaşı xatırlanması deməkdir.
Bir il sonra geriyə baxarkən deyə bilirik: itkilərimiz ağırdır, ağrımız unudulmayıb. Amma bu faciə göstərdi ki, insanlıq, peşəkarlıq və məsuliyyət ən çətin anlarda belə qalib gələ bilir. Hökumə Əliyevanın və onunla birlikdə şəhid olan ekipaj üzvlərinin adı bu gün Azərbaycan tarixində fədakarlığın və ləyaqətin simvolu kimi yaşayır.
Onların xatirəsi yalnız kədər deyil, eyni zamanda qürur mənbəyidir. Çünki bu hekayədə qorxuya qarşı mərdlik, xaosa qarşı məsuliyyət və ölümə qarşı insanlıq uduzmadı.
Hər şey yaxşı oldu, Hökümə… Görüşənədək…
Mətin Kamal
Jurnalist








