
Komitənin kollektivi şəhid ailəsini ziyarət edib - FOTO
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi şəhid Məmməd Zamanlının ailəsini ziyarət edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarət zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq nümunələrindən söz açıb, dövlətimizin şəhid və qazi ailələrinə, müharibə veteranları və əlillərə xüsusi həssaslıqla yanaşdığını qeyd edib.
Şəhid Məmməd Zamanlının ailə üzvləri şəhidlə bağlı xatirələrini bölüşüb, onun keçdiyi şərəfli döyüş yolundan, mərdliyindən və şücaətindən danışıblar.
Xatırladaq ki, Məmməd Zamanlı 1998-ci il avqustun 3-də Şərur rayonunun Püsyan kəndində anadan olub. Məmməd Zamanlı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məmməd Zamanlı sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Şərur rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Məmməd Zamanlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Daha sonra Komitənin kollektivi Şərur rayon Püsyan kənd qəbiristanlığında şəhidlərin məzarlarını ziyarət ediblər.