
Leyla Əliyeva “Zoluşka” operasının təqdimatında iştirak edib - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva aprelin 19-da Heydər Əliyev Sarayında dünyada məşhur 200 nəfərlik "Qelikon-opera" Moskva Musiqili Teatrının quruluşunda "Zoluşka” operasının təqdimatında iştirak edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Azərbaycan bəstəkarı Leonid Vaynşteynin "Qelikon-opera" teatrının tamaşası hər bir balaca şahzadənin görməli olduğu səhnə əsəridir. Dahi Qara Qarayevin tələbəsi olmuş Leonid Vaynşteynin musiqisi parlaq və yaddaqalandır. Heydər Əliyev Sarayının səhnəsində təqdim olunan operaya dirijorluğu Xalq artisti Yalçın Adıgözəlov edib.
Tamaşanın təqdimatında TASS informasiya agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, tanınmış teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai və siyasi xadim Yuli Qusman, azərbaycanlı bəstəkar Leonid Vaynşteynin oğlu - NTV telekanalının baş direktorunun müavini - baş prodüseri Timur Vaynşteyn və ailə üzvləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli və ictimai-siyasi xadimlər iştirak ediblər.