Naxçıvanda Ramiz Mirişlinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub -

Naxçıvanda Ramiz Mirişlinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub - FOTO

10 Aprel 2025

Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri və Xor kollektivi tanınmış bəstəkar Ramiz Mirişlinin əsərlərindən ibarət konsert proqramı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında çıxış edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konsert proqramı orkestrin bədii rəhbəri və dirijoru, Prezident mükafatçısı Hakim Məmmədovun və Prezident mükafatçısı İlhamə Şirəliyevanın rəhbərliyi ilə təqdim olunub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynova, Xatirə Səfərova, Prezident mükafatçıları İlkin Abdullayev, Nərmin Hüseynova, İsrafil Qibləliyev, həmçinin Əfsanə Babayeva və Bəhruz Quliyev çıxış ediblər. Onların ifasında “Məşəl kimi yanan ürək”, “Bir könül sındırmışam”, “İlk sevgim”, “Səadət”, “Xəyala döndü”, “Bir xumar baxışla”, “Oxu bülbül” və digər məşhur musiqi nömrələri səsləndirilib.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.